Bulvar ərazisinin hər iki istiqamətdə genişləndirilməsi işləri 2015-ci ilin yayına kimi tamamlanacaq

Posted by

Bulvar ərazisinin hər iki istiqamətdə genişləndirilməsi işləri 2015-ci ilin yayına kimi tamamlanacaqNazim Məcidov: “Dekabrın 31-dən yanvarın 1-ə keçən gecə bulvarda qeyri-adi atəşfəşanlıq olacaq”

Bulvar ərazisinin hər iki istiqamətdə genişləndirilməsi işləri 2015-ci ilin yayına kimi tamamlanacaq

“Hazırda Dənizkənarı Bulvar böyüklüyünə görə Avropada ikinci yerdədir. Lakin hər iki istiqamətdə bulvarın ərazisi genişləndirilir və 2015-ci ilin yayına qədər Dənizkənarı Bulvar Avropanın ən böyük bulvarı olacaq”.

 

Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

 

Qonaq Dənizkənarı Bulvarda Yeni ilə hazırlıqla bağlı məlumat verib: “Artıq bulvarda yeni il qabağı hazırlıq işlərinə başlanılıb. Şam ağacları bəzədilir, hər ağacın yanında Yeni ilin atributları olan Şaxta baba və Qar qızın olması nəzərdə tutulur. Bulvarda iki ən böyük şam ağacı quraşdırılıb. Bunlardan hündürlüyü 21 m, diametri 7 m olan bir şam ağacı Kukla Teatrının arxasında böyük monitorun olduğu meydançada quraşdırılıb. Hündürlüyü 18 m, diametri 6 metr olan digəri şam ağacı isə bulvarın yeni hissəsində, “Panoram” attraksionunun qarşısındakı meydançada qoyulub. Qeyd edim ki, biz əhalinin marağını nəzərə alaraq, bu il bulvarın yeni hissəsini bayram münasibətilə bəzəməyi qərara aldıq. Ümumilikdə bulvarda 10 şam ağacı quraşdırılacaq. Digər şam ağaclarının hündürlüyü 10 və 8 metr arasında olacaq”.

 

Nazim Məcidov bu ilki hazırlıqların həmişəkindən fərqli olduğunu deyib: “İlk dəfə Azərbaycanda bulvarın iki yerində lazer işıq şousu təşkil olunacaq. Bunlardan biri bulvarın Qız qalası ilə üzbəüz ərazisində, digəri isə Qoşa fontanın qarşısında olacaq. Hər iki yerdə 70-80 yaşlı ağacların üzərində müxtəlif fiqurlar və işıq avadanlıqları quraşdırılıb. Bu bir müddət əvvəl Avropa oyunları ilə bağlı Qız qalasının yaxınlığında quraşdırılan işıq şousu kimidir. Dekabrın 20-dən yanvarın 10-a qədər hər gün axşam saat 6-dan gecə saat 2-dək 8 saat ərzində bu şou davam edəcək. Dekabrın 31-dən yanvarın 1-ə keçən gecə zaman saat 12-də bulvar ərazisində möhtəşəm atəşfəşanlıq olacaq. Lakin bu ilki atəşfəşanlıq əvvəlki illərdən qat-qat fərqli olacaq. Bunu tam məsuliyyətlə ona görə deyirəm ki, əvvəlki illərdə avadanlıqların qurulduğu yerləri və sayını bilirəm. Şəhərin hər bir yerindən, bulvarın hər bir nöqtəsindən bu atəşfəşanlığı izləmək mümkün olacaq. Şəhər sakinlərinin nəzərinə çatdırım ki, dekabrın 20-dən yanvarın 13-ə qədər həm Bulvar İdarəsinin əməkdaşları, mühafizə xidməti, həm də bulvar ərazisində olan attraksion, kafe və restoranlar gücləndirilmiş rejimdə işləyəcəklər”.

 

Bulvar İdarəsinin rəis müavini Milli Parkda fəaliyyət göstərən attraksionlarla bağlı da geniş məlumat verib: “Yeni ilə qədər Bulvar ərazisində iki yeni attraksionun quraşdırılması nəzərdə tutulur. Qeyd edim ki, 2008-ci ildən indiyə qədər bulvarda 40-a yaxın istismar müddəti bitmiş və yararsız olan köhnə karusellər çıxarılıb. Hazırda bulvarda cəmi 26 attraksion var. Bunlar isə müasir avadanlıqlarla dünyanın ən inkişaf etmiş ölkələrində – Niderland Krallığında, İtaliyada, Almaniyada istehsal olunmuş attraksionlardır. Yeni gələn iki attraksion da İtaliya istehsalıdır.

 

Attraksionların təhlükəsizliyinə gəldikdə isə, ilk növbədə, istifadəçilər özləri qəbul olunmuş təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Avadanlıqların təhlükəsizliyinə isə üç qurum nəzarət edir. Hər bir sahibkar hər gün karuseldə bir nəfər işçinin qeydiyyat aparıb nəzarət etməsinə cavabdehdir. Bulvar İdarəsinin nəzdində olan Milli Park müəssisəsinin mühəndisi hər gün bütün karuselləri yoxladıqdan sonra onlar işə düşür. Bu zaman bütün qeydlər xüsusi jurnalda qeyd olunur və möhürlənir. Bunlardan əlavə, Fövqəladə Hallar Nazirliyinin belə qurğulara nəzarət idarəsi var. Onlar il ərzində bir neçə dəfə yoxlama keçirir. Onlar hər hansı attraksionun təhlükəli olduğuna rəy verəndə, biz həmin qurğunun fəaliyyətini təmir məqsədilə bir neçə günlük dayandırırıq”.

 

Nazim Məcidov bulvarda fəaliyyət göstərən karusellərin qiymətinin baha olması barədə əhalinin narazılığına da münasibət bildirib: “Bulvar ərazisində fəaliyyət göstərən attraksionların böyük əksəriyyəti özəl sahibkarlara məxsusdur. Sahibkarlar qiyməti müəyyənləşdirərkən bütün xərcləri nəzərə alır. Attraksionun gətirilməsi, quraşdırılması, sərf olunan enerji, işçilərin xərcləri və s. nəzərə alınır və ortaq qiymət müəyyənləşir. Təbii ki, qiymətlər baha olanda, əhali istifadə edə bilməyəndə sahibkar da qiyməti azaltmağa məcbur olur. Lakin hal-hazırda əhalinin tələbatı göstərir ki, sahibkarlar qiymətləri ucuzlaşdırmağa meylli deyillər. Bulvar İdarəsi artıq 3 ildir ki, imkanı olmayan şəxsləri nəzərə alaraq davamlı şəkildə insanlar üçün müəyyən günlərdə və saatlarda attraksionların pulsuz xidmətini təşkil edir. Bizə də insanlar dəfələrlə müraciət edirlər, qaynar xəttə zəng edirlər. Əvvəlki illərdə belə aksiyalar zamanı insan axını çox olurdu, biz də bu işdə təcrübəsiz olduğumuzdan çətinlik çəkirdik. Lakin indi hamı belə aksiyaların vaxtaşırı keçirildiyini bilir, ona görə də nisbətən seyrəklik olur. Biz adətən belə aksiyaları bayram və istirahət günlərinə salmırıq, çünki bu zaman fiziki cəhətdən işi çatdırmaq olmur. Nəzərinizə çatdırım ki, yenə də belə aksiyalar keçiriləcək və bu barədə əhaliyə KİV vasitəsilə məlumat veriləcək”.

 

Qonaq bayram günlərində Milli Parkda keçirilməsi nəzərdə tutulan proqramlardan da danışıb: “Bayram günlərində lazer-işıq şousundan əlavə, böyük monitorlarımızda əyləncəli proqramlar nümayiş olunacaq. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti bayramlarda Bulvar ərazisində konsert proqramları həyat keçirir. Hal-hazırda bu barədə dəqiq məlumat olmasa da, yeni il ərəfəsində bu barədə məlumat veriləcək”.

 

Nazim Məcidov bulvarda təhlükəsizliyin təmin olunması üçün xüsusi günlərdə görülən tədbirlərdən də danışıb: “Təhlükəsizlik təmin olunmadan heç bir istirahətdən söhbət gedə bilməz. Ona görə də Bulvar İdarəsinin mühafizə xidməti bayram günlərində gücləndirilmiş iş rejiminə keçir. Bunun üçün əlavə işçi qüvvəsi də cəlb olunur. Eyni zamanda, Daxili İşlər Nazirliyinin Səbayel rayonu üzrə post-patrul xidməti də bu işdə bizə yaxından kömək edir. Onların həm polis əməkdaşları, həm kiçik ölçülü avtomobilləri parkın ərazisində gün ərzində dəfələrlə reyd edirlər. Hal-hazırda Bulvar ərazisində təhlükəsizlik kameralarının olmadığı hissə yoxdur. Bu kameralar həm Bulvar İdarəsinin, həm də dövlət orqanlarının – DİN-in kameralarıdır. Onların köməyi ilə həm də biz öz işçilərimizin işinə nəzarət edirik”.

 

Qonaq efir vasitəsilə Bulvar İdarəsinin “qaynar xətti”nin nömrələrini də əhalinin diqqətinə çatdırıb: “2008-ci ildən Bulvar İdarəsinin qaynar xətti fəaliyyət göstərir. Bulvar İdarəsinin elə bir yeri yoxdur ki, ora həmin nömrələr yazılmasın. Günün 24 saatı mobil nömrəyə mən özüm cavab verirəm. Onu da deyim ki, son bir neçə ayda “Qaynar xətt”ə müraciət də olmur. Bu isə artıq problemlərin və narazılıqların azaldığını göstərir. Şəhər nömrəmiz – 480 18 36, şəxsən cavab verdiyim mobil nömrə isə – 055 282 70 00-dir”.

 

2015-ci ilin yayına qədər bulvar ərazisinin genişləndirilməsi ilə işlərin yekunlaşacağını deyən qonaq bu barədə də geniş məlumat verib: “Hal-hazırda ölkə başçısının sərəncamı ilə bulvar hər iki istiqamətdə genişləndirilir. Bütün hazırlıqlar 2015-ci ilin yayına qədər tamamlanacaq və bulvar tam şəkildə əhalinin istifadəsinə veriləcək. Artıq görülən işlərin 80-90 faizi tamamlanıb. Bulvarın yeni hissələrində də həm gəzinti zolaqlarının, kafe və restoranların, karusellərin, yaşıllıq zonasının olması nəzərdə tutulub. Həmin hissələrdə yerə döşənən daş örtüyü, oturacaqlar, işıqlandırma sistemi tamamilə fərqlidir”.

 

Qonaq bulvarda xidmət personalının işə götürülmə qaydalarından danışıb: “Bulvar İdarəsi əməkdaşlarının böyük əksəriyyəti xarici dili mükəmməl bilir. Mühafizə xidmətinin əməkdaşları mənim də üzvü olduğum xüsusi komissiya tərəfindən işə qəbul olunur. Çalışırıq ki, işə götürülənlərin boyu şərtlərə uyğun olsun, eyni zamanda hərbi xidməti başa vursunlar. Onların arasında xarici dil bilənlər də var. “Eurovision” müsabiqəsi ərəfəsində biz öz hesabımıza mühafizə xidmətinin 30 əməkdaşını 6 aylıq xarici dil kursuna göndərdik. Həmin dövrdə həm də kafe və restoranlarda xidmət personalının ən azı birinin xarici dil bilməsinə çalışırdıq. Və bu özünü doğrultdu”.

 

Bulvar İdarəsinin rəsmisi parkda tibbi xidmətin də təşkil olunduğunu bildirib: “Bayram günləri və əhalinin çox olduğu vaxtlarda biz Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edirik. Təcili yardım maşınları vaxtaşırı bulvar ərazisində növbətçilik sistemi ilə işləyir. Yay günləri də belə idi. Lakin həm Xətai, həm də 20-ci sahə tərəfdə səhiyyə müəssisələri yaxın olduğundan tibbi yardım almaq da çətin deyil. Son vaxtlar Bulvar ərazisində özünəqəsd hallarının artması müşahidə olunur. FHN-nin Sudan Xilasetmə Xidməti daim buxtanı nəzarətdə saxlayır. Demək olar ki, intihara cəhd edənlərin yarısı xilas olunur. Eyni zamanda, mühafizə xidmətinin əməkdaşları da belə hallarda müdaxilə edir, vətəndaşlara yardım edirlər. İndi saat qülləsi kimi tanınan, əvvəl isə paraşüt qülləsi olan qülləyə də nəzarət edilir. 6 il əvvəl həmin qüllədə özünəqəsd cəhdi baş verdikdən sonra ora giriş tamamilə bağlanıb”.

 

Apa.az