BMT-nin xüsusi məruzəçisi Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirmişdir

Posted by

BMT-nin xüsusi məruzəçisi Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirmişdir

BMT-nin xüsusi məruzəçisi Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirmişdir

BMT-nin xüsusi məruzəçisi Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirmişdir

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, E.Süleymanova məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə tez-tez səfərlər etdiyini, Azərbaycanda qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi və təmini sahəsində böyük dəyişikliklərin olduğunu, çadır düşərgələrinin ləğv edildiyini, habelə yeni qəsəbələrin salındığını vurğulamışdır.

İnsan hüquqları üzrə müvəkkil Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqına və məcburi köçkünə çevrilmiş bir milyondan artıq soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülmüş mühüm tədbirləri diqqətə çatdırmış, lakin bu insanların öz doğma yurd yerlərinə qayıtmasının hələlik problem olaraq qaldığını qeyd etmişdir.

Ombudsman BMT tərəfindən Azərbaycanın tarixi ərazisi kimi göstərilən ərazilərin işğal olunması faktını təsdiq edən və Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasının tələb edən 4 qətnamənin qəbul olunduğunu xatırladaraq, onların indiyədək icra olunmamasını qonaqların nəzərinə çatdırmışdır.

Müvəkkil təsisatın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının struktur bölmələri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurduğunu, birgə layihələr həyata keçirdiyini vurğulamışdır.

E.Süleymanova Azərbaycan Prezidenti tərəfindən 2006 və 2011-ci illərdə təsdiq edilmiş insan hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Planı və Proqramı barəsində geniş məlumat vermişdir.

İnsan hüquqları üzrə müvəkkil qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına dönməsi, onların bu prosesə yalnız fiziki cəhətdən deyil, həm də psixoloji cəhətdən hazırlanmasının, eyni zamanda, hüquqi müdafiəsinin zəruriliyini diqqətə çatdırmışdır.

BMT-nin xüsusi məruzəçisi məcburi köçkünlərin repatriasiyası, doğma yurd yerlərinə qayıdışı, onlara əhalinin digər kateqoriyaları ilə münasibətdə bərabər hüquq və imkanların yaradılması prizmasından yanaşılmalı olduğunun zəruriliyi ilə bağlı müvəkkilin fikirlərini dəstəkləmiş, bu məsələlərin önəm kəsb etdiyini söyləmişdir. O, bu qəbildən olan insanların, xüsusilə də qadın məcburi köçkünlərin ehtiyaclarının öyrənilməsi, onların qərar qəbuletmə proseslərində iştirakı, gender məsələlərinə diqqət yetirilməsinin vacibliyini bildirmişdir.

Ç.Beyani Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirmiş, səmimi görüş və səmərəli fikir mübadiləsinə görə ona öz təşəkkürünü bildirmişdir.

 

AzərTac.az