BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı ildə yeddinci Qlobal Forumu Bakıda keçiriləcək
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının Dostluq Qrupunun “Qlobal sülhə və birgə yanaşı yaşayışa yeni və baş qaldıran ideoloji təhlükələr” mövzusunda 26 sentyabr 2014-cü il tarixində keçirilən illik nazirlər toplantısında çıxış edib. Bu barədə Trend Azərbaycan XİN-in rəsmi saytına istinadən məlumat verir.
Elmar Məmmədyarov çıxışı zamanı Azərbaycan Hökumətinin BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı ildə yeddinci Qlobal Forumunun Bakıda keçirilməsi təklifini irəli sürüb.
Tədbirdə çıxış edən Bəhreyn, Monqolustan, Səudiyyə Ərəbistanı, Seneqal, Qatar və digər ölkələr Azərbaycanın təşəbbüsünü dəstəkləyərək bu mötəbər tədbirin zəngin multikulturalizm və tolerantlıq ənənələri olan Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və Azərbaycanın foruma layiqincə ev sahibliyi edəcəyinə əminliklərini ifadə ediblər.
Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı ildə yeddinci Qlobal Forumunun Bakıda keçirilməsi təklifi qəbul olunub.
Trend.az