BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu Azərbaycana dair tövsiyə və təkliflərini açıqlayıb
Bu gün Azərbaycanda 10 günlük rəsmi səfərdə olan BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun üzvləri mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, İşçi Qrupunun üzvü Puvan Selvanatan deyib ki, səfər çərçivəsində Xarici İşlər, Daxili İşlər, Ədliyyə nazirlikləri, digər dövlət qurumları, Ombudsmanla, Gəncədə mətbuat və QHT təmsilçiləri ilə görüşlər keçiriblər.
O bildirib ki, Azərbaycanın son 10 ildə neft və qaz sektoru ilə yanaşı, iqtisadiyyatın digər sahələrində də inkişafı aydın görünür. Onun sözlərinə görə, minimum əməkhaqqı artıb, işsizlik azalıb, Bakı və regionlarda inkişafın sürətlənməsinə, gender bərabərsizliyinin aradan qaldırılmasına təsir göstərib: “Ancaq müəyyən problemlər də var. Neft və qaz sektorundan asılılığın artırılması, insan hüquqları zəminində biznesin inkişaf etdirilməsi zəruridir. Hökumət qurumları ilə görüşəndə gördük ki, insan hüquqları məsələsinə fərqli yanaşırlar, qaçqın və məcburi köçkünlərin hüquqları önə çəkilir”.
P.Selvanatan qeyd edib ki, kiçik və orta sahibkarlara korrupsiya kimi problemlər əngəl olmamalıdır: “Bəzi vətəndaş cəmiyyəti qurumları qeydiyyat zamanı üzləşdikləri çətinliklərdən şikayətləndilər. Deyə bilmərik ki, bu gün QHT-lərlə bağlı atılan addımlar QHT-lərin birbaşa fəaliyyətləri ilə əlaqəlidir. Təəssüf ki, həbsdə olan QHT rəhbərləri ilə görüşə bilmədik. Çünki onlar istintaqdan əvvəlki mərhələdədir. Hər halda, araşdırmalar davam edir və biz nəticəni gözləməliyik. Bu proseslər şəffaf şəkildə bitməyənə qədər bəri başdan heç bir fikir yürüdə bilmərik”.
“ASAN Xidmət” mərkəzlərinin fəaliyyətini təqdir edən P.Selvanatan deyib ki, qanunlar çərçivəsində vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməklə korrupsiyanın daha çox aradan qaldırılması mümkündür. O, Azərbaycanın Dövlət Neft Fondu vasitəsilə gəlirlərin əldə edilməsi sahəsində fəaliyyətini müsbət qiymətləndirib: “Neft Fondu milli resursların idarə edilməsi baxımından proqressivdir. Biz təklif etdik ki, ARDNŞ bütün pay bölgüsü sazişlərində və əmək müqavilələrində şəffaflığın artırılmasının vacibliyini vurğulasın. İnsan hüquqlarına dair dövlət proqramları insan hüquqları və biznes sahəsində əlaqələri daha aydın əks etdirməlidir”.
P.Selvanatan hökumətə verdikləri əsas tövsiyələri də açıqlayıb. Onun sözlərinə görə, hökumət cəmiyyətdəki müxtəlif iştirakçılar arasında dialoqun təmin edilməsinə hörmətlə yanaşmalıdır: “Azərbaycanda iqtisadi inkişafın əsasında insan hüquqları və açıq dialoq durmalıdır. İşçi Qrupu belə qənaətə gəlib. Əsas odur ki, cəmiyyətin üzvlərinin fikirlərini sərbəst ifadə etməsi və qanunlara əməl edilməsi təmin edilsin”.
P.Selvanatan vurğulayıb ki, Azərbaycanın inkişaf yönümü və insanların bu inkişafa münasibəti müsbətdir: “Əsas diqqətin gələcəkdə daha hansı sahələrə yönəldilməli olduğu və bu inkişafdan hamının yararlanmasına çalışılmasına nail olunması vacibdir”.
O nəzərə çatdırıb ki, İşçi Qrupu müşahidə və tövsiyələrini əks etdirən hesabatını BMT İnsan Hüquqları Şurasında 2015-ci ilin iyununda təqdim edəcək. Tövsiyələr sırasında Azərbaycanda çoxtərəfli platformanın (hökumət üzvləri, vətəndaş cəmiyyəti təmsilçiləri və s. daxil olmaqla) yaradılması da var.
Apa.az