BMT baş katibi ATƏT PA-nın Bakıda keçirilən sessiyasının iştirakçılarına məktub göndərib
BMT-nin baş katibi Pan Gi Mun ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyasının iştirakçılarına təbrik məktubu göndərib.
APA-nın xəbərinə görə, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk tərəfindən təqdim edilən məktubda baş katib iştirakçıları salamlayaraq qeyd edib ki, bu günün “Helsinki+40: hamı üçün bəşəri təhlükəsizliyə doğru” mövzusunda müzakirəsi, dörd onillik bundan əvvəl imzalanan Helsinki Yekun Aktı Prinsiplərinin icrasına ehtiyac olduğunu xatırlatmaq üçün təsirli bir vasitədir.
O, həmçinin toplantıda Ukraynaya dair xüsusi bir sessiya keçirmək barədə qərarı alqışlayıb: “Orada vəziyyət zorakılığın davam etməsi, qütbləşmə və bizim ümumi prinsiplərimizin açıq-aydın pozulması barədə ciddi narahatlığın artmasına səbəb olub. Bu işlər yalnız gərginliyi artıra və böhrandan çıxış yolu tapmağı daha da ləngidə bilər. Mən bütün tərəfləri vəziyyəti yumşaltmaq üçün əllərindən gələni etməyə, eləcə də danışıqlar və dialoq vasitəsilə həll yolu tapmağa çağırıram. Bu məqsədlə prezident Poroşenkonun şərqdəki böhranın aradan qaldırılmasına dair son 14 maddəlik sülh planı elan etməsi məni çox ruhlandırır. Ukraynadakı qırğın dayandırılmalıdır və biz icazə verə bilmərik ki, oradakı vəziyyətlə bağlı gərginlik digər ərazilərdəki ölümcül münaqişələrlə bağlı beynəlxalq fəaliyyəti iflic etməkdə davam etsin. Mən Parlament Assembleyasının Rusiya Federasiyası və Ukrayna parlamentləri liderləri arasındakı dialoqa təkan vermək sahəsindəki cəhdləri də daxil olmaqla, Ukraynadakı böhranın həlli istiqamətində ATƏT-in liderlik fəaliyyətini yüksək qiymətləndirirəm. BMT münaqişənin bütün mümkün vasitələrlə sülh yolu ilə həllini dəstəkləməkdə həmişə hazırdır”.
Pan Gi Mun ATƏT PA-nın ekstremizm, radikalizm və ksenofobiyanın güclənməsi ilə bağlı vəziyyəti diqqət mərkəzində saxlamasını da yüksək dəyərləndirib: “İnsan hüquqlarının müdafiəsi çox böyük əhəmiyyət kəsb edir. Mənim bu yaxınlardakı Hüquqların İrəli Çəkilməsi adlı təşəbbüsüm təhlükəsizlik şəraitinin pisləşməsi və münaqişə yaratmağa meyllilik əlaməti olan hüquq pozuntularına qarşı BMT sisteminin profilaktik və cavab tədbirlərinin inkişaf etdirilməsi istiqamətində bir mexanizmdir. Təxirəsalınmaz problemlərlə üz-üzə gəldiyinizə görə mən sizi sülh üçün daha dərin özül yaratmaq məsələsini diqqət mərkəzində saxlamağa çağırıram. 2015-ci il həlledici ildir; bu, qlobal iqlim müqaviləsinin bağlanması, Minilliyin İnkişaf Məqsədlərinə nail olunması və davamlı inkişaf üçün yeni uzunmüddətli məqsədlərin qəbul edilməsi baxımından təyin edilmiş müddətin son tarixidir. Helsinki+40 prosesi 2015-ci ildən sonrakı inkişaf mərhələsi üzrə fəaliyyət prosesi ilə səylərin birləşdirilməsi üçün böyük imkandır. Hər nəsildə bir dəfə baş tutan bu hər iki imkanda parlamentarların rolu əvəzedilməzdir. Siz xalqların səsini təmsil edirsiniz. Siz yeni siyasətlər çərçivəsinin yaradılmasına dəstək sahəsində cəmiyyətlər daxilində və onlar arasında həmrəylik yaratmağa köməklik göstərə bilərsiniz və yeni gündəliyin həyata keçirilməsində əsas rol oynayacaqsınız. Mən sizə dünya xalqlarının bizdən gözlədikləri etimadları doğrultmaq üçün qüvvələrinizi bizimlə birləşdirdiyinizə görə təşəkkürümü bildirir və həm bu Assambleyada, həm də bundan sonrakı fəaliyyətinizdə sizə böyük uğurlar arzu edirəm”.
Apa.az