BMT Baş Assambleyasında Azərbaycanın gənclər siyasətindən danışıldı

Posted by

BMT Baş Assambleyasında Azərbaycanın gənclər siyasətindən danışıldıBMT Baş Assambleyasında Azərbaycanın gənclər siyasətindən danışıldı

BMT Baş Assambleyasında Azərbaycanın gənclər siyasətindən danışıldı

Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 29 may 2015-ci il tarixdə BMT Baş Assambleyasında Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramının (World Programme of Action for Youth) 20-ci ildönümünə həsr edilmiş ali dərəcəli xüsusi sessiyada iştirak edib.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramı 1995-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilib. 20 il əvvəl beynəlxalq ictimaiyyətin gənclərlə bağlı götürdüyü öhdəliklərin necə icra olunduğunu müzakirə etmək, gənclər siyasəti sahəsində mövcud çətinlikləri və növbəti hədəfləri müəyyən etmək məqsədilə keçirilən xüsusi sessiyada BMT-nin baş katibi Pan Gi Mun, Baş Assambleyanın prezidenti Sam Kutesa, baş katibin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi, 60-a yaxın ölkənin nazir və nazir müavinləri, beynəlxalq təşkilatların nümayəndələri və müxtəlif ölkələrdən fəal gənclər iştirak ediblər.

 

Gənclər və idman nazirinin müavini İ.Babayev çıxışında Azərbaycanın uğurlu gənclər siyasəti modelindən, bu sahədə əldə olunan bir sıra nailiyyətlərdən söz açıb və bu uğurlara ölkənin 20 faiz torpaqlarının işğal altında olmasına baxmayaraq nail olduğumuzu xüsusilə qeyd etdi. Nazir müavini çıxışında keçən ilin oktyabr ayında Bakıda keçirilən Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum və Forumda qəbul edilən Bakı Öhdəliklərinə də geniş yer verdi.

 

Qeyd etmək lazımdır ki, digər çıxışçılar da, o cümlədən BMT-nin baş katibi P.G.Mun və BMT Baş Assambleyasının prezidenti S.Kutesa Bakı Öhdəliklərini və onların müasir beynəlxalq gənclər siyasəti üçün əsas prinsiplər təşkil etdiyini dəfələrlə vurğuladılar.

 

Sessiya çərçivəsində İ. Babayev ilə Küveyt, Serbiya, Çin Xalq Respublikası və İsveç nümayəndə heyətlərinin rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı ölkələr arasında gənclərlə iş sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.

 

Ölkə çıxışlarından sonra sessiya öz işini “Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramının qəbul edilməsindən sonra ötən 20 ilin təhlili” və “Gələcəyə baxışda Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramının rolu” adlı panellərdə davam etdi.

 

Trend.az