Bezdirici SMS-lərdən canımız qurtaracaq

Posted by

Bezdirici SMS-lərdən canımız qurtaracaqBezdirici SMS-lərdən canımız qurtaracaq

Bezdirici SMS-lərdən canımız qurtaracaq

Mobil rabitə abunəçilərinə əvvəlcədən razılaşdırılmadan müxtəlif məzmunlu reklam xarakterli SMS-lərin göndərilməsi, bir sıra hallarda bunun müqabilində abunəçilərin balansından vəsait çıxılması barədə KİV-də yayımlanan məlumatlarla, Milli Məclisə, digər dövlət qurumlarına, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) daxil olan şikayətlərlə bağlı RYTN tərəfindən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDM) ilə birgə araşdırmalar aparılıb. Bu barədə Trend-ə rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib.

 

Onun sözlərinə görə, araşdırma nəticəsində məlumat və reklam xarakterli kütləvi SMS-lərin bir neçə növü müəyyənləşdirilib.

 

Bunlar yeni tarif və ya məhsullar (xidmətlər) barədə operatorların öz abunəçilərinə göndərdiyi məlumat xarakterli SMS-lər, məzmun və xidmət təchizatçıları tərəfindən təqdim edilən xidmətlər barədə məlumat xarakterli SMS-lər, digər şirkət, bank, mağazalar tərəfindən göndərilən reklam xarakterli SMS-lərdir.

 

Mobil operatorlar tərəfindən RYTN-ə verilən məlumatlara əsasən bir çox hallarda istehlakçıların özləri tərəfindən şirkət, bank, mağazalara öz nömrələrini təqdim etməsi həmin abunəçilərə davamlı olaraq SMS-lərin daxil olmasına şərait yaradır.Daxil olan SMS-ə görə abunəçinin balansından pul tutulması isə yalnız abunəçilərin özləri tərəfindən təklif olunan xidmətin aktivləşdirilməsi nəticəsində mümkün olur.

 

Mobil operatorlar, istehlakçı hüquqlarının ifrat müdafiəsinin sahibkarlıq fəaliyyətinə maneələr yarada biləcəyini, reklamların digər yayım vasitələrində (məsələn televiziyada, radioda və digər KİV-lərdə) olduğu kimi, istehlakçıların iradəsindən asılı olmadığını vurğulasalar da, mobil abunəçilərin həmin reklamlardan imtina ilə bağlı müxtəlif vasitələrə malik olduqlarını qeyd edirlər. Məsələn, reklam daxil olan nömrəyə STOP yazıb göndərməklə və yaxud mobil operatorun müştəri xidmətlərinə rəsmi müraciət etməklə abunəçi onun nömrəsinə göndərilən reklam xarakterli SMS-ləri dayandıra bilər.

 

Qeyd edilənlərlə yanaşı, RYTN abunəçilərin çoxsaylı müraciətlərini nəzərə alaraq, bu məsələ ilə bağlı “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə əlaqədar təkliflər hazırlamışdır.

 

Belə ki, mobil telekommunikasiya şəbəkəsi üzərindən reklam və əyləncə xarakterli SMS-lərin(abunəçilər arasında göndərilən və qəbul edilənlər istisna olmaqla) abunəçilərə kütləvi və avtomatik olaraq göndərilməsinin yalnız abunəçinin ilkin razılığı alındığı halda həyata keçirilməsi və bu məsələni əhatə edən digər maddələrin daxil edilməsi təklif olunmuşdur.

 

Hazırda bu təkliflər baxılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilmişdir.

 

Trend.az