Beynəlxalq Əmək Konfransının Cenevrədə keçirilən sessiyasında Azərbaycanda məşğulluq probleminin həlli ilə bağlı görülən işlərdən danışılmışdır

Posted by

Beynəlxalq Əmək Konfransının Cenevrədə keçirilən sessiyasında Azərbaycanda məşğulluq probleminin həlli ilə bağlı görülən işlərdən danışılmışdır

Beynəlxalq Əmək Konfransının Cenevrədə keçirilən sessiyasında Azərbaycanda məşğulluq probleminin həlli ilə bağlı görülən işlərdən danışılmışdır

Beynəlxalq Əmək Konfransının Cenevrədə keçirilən sessiyasında Azərbaycanda məşğulluq probleminin həlli ilə bağlı görülən işlərdən danışılmışdır

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 103-cü sessiyası keçirilir.

Sessiyanın iyunun 6-da keçirilən plenar iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Mehbalıyev “Məşğulluğun strateji məqsədləri” mövzusunda çıxış etmişdir. Bu barədə AzərTAc-a AHİK-dən məlumat verilmişdir.

S.Mehbalıyev demişdir ki, bu sessiyanın gündəliyinə əhalinin məşğulluğuna, eyni zamanda, qeyri-formal iqtisadiyyata dair məsələlərin daxil edilməsi inkişafın müasir mərhələsində də aktual olaraq qalmaqdadır. Bu gün dünyada 200 milyon işsiz vardır. Bu göstəricinin artım meyli və son 5 il ərzində işsizlərin sayının 30 milyon artması narahatlıq doğurur. Bununla yanaşı, təcrübə göstərir ki, sosial tərəfdaşların məqsədyönlü birgə işi nəticəsində iqtisadi artımı təmin etmək, əhalinin rifah halını yüksəltmək, əmək bazarında gərginliyin azaldılmasına nail olmaq mümkündür.

S.Mehbalıyev bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasında ölkə vətəndaşlarının məşğulluğunun təmin olunmasının hüquqi əsasları təsbit edilmişdir. Ölkəmizdə məşğulluq probleminin həllində BƏT-in ratifikasiya olunmuş 60 konvensiya və tövsiyəsi, Avropa Sosial Xartiyasının, Avropa Sosial Təminat Kodeksinin əsasnamələri və digər beynəlxalq sənədlərin rolu böyükdür. Azərbaycan Respublikasında aparılan sosial-iqtisadi siyasətin əsas istiqamətləri əmək hüquqlarının qorunması, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə əməli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, vətəndaşların maddi, sosial, mənəvi və digər maraqlarının təmin edilməsidir. Bu sahələr üzrə aparılan məqsədyönlü iş Azərbaycana insan inkişafı sahəsində dünyada ən tərəqqipərvər ölkə olmaq imkanı yaratmışdır.

AHİK sədri diqqətə çatdırmışdır ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın məqsədi əlverişli siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılması əsasında əhalinin səmərəli məşğulluğunun təmin edilməsidir. Respublikada həmkarlar ittifaqlarının iştirakı ilə işlənib hazırlanmış Əhalinin Məşğulluq Strategiyası, kiçik və orta sahibkarlığa dəstək üzrə Dövlət proqramları, iqtisadi artım və yoxsulluğun aşağı salınması, regionların inkişafı və digər mühüm sənədlər əmək bazarında gərginliyin azaldılması üçün yaxşı zəmin yaratmışdır. Bütün bunlar, eləcə də ölkə rəhbərliyinin siyasi iradəsi ötən 10 ildə Azərbaycanda əksəriyyəti daimi olmaqla 1,2 milyon yeni iş yerinin yaradılmasına imkan verdi. Bu istiqamətdə işlər davam etdirilir, yeni müəssisə və obyektlər yaradılır, işsizliyin səviyyəsi durmadan aşağı düşür və hazırda bu, 5 faiz təşkil edir. Bu da iş axtaranlar arasında normal rəqabət yaradır.

S. Mehbalıyev struktur dəyişikliklərinin həyata keçirilməsi ilə əlaqədar qeyd etmişdir ki, əmək ehtiyatlarının sektor bölgüsündə müsbət irəliləyişlər baş verir. İqtisadiyyatın dövlət sektorunda işləyənlərin payı əhəmiyyətli dərəcədə azaldığı halda (1995-ci ildə 56 faizdən 2013-cü ildə 24 faizədək) şəxsi mülkiyyət müəssisələrində bu göstərici artmaqda davam edir (44 faizdən 76 faizədək). Ölkənin həmkarlar ittifaqları məşğulluq probleminin həllində fəal rol oynayır. Öz üzvlərinin maraqlarını müdafiə edən həmkarlar ittifaqları əmək, iqtisadi, sosial məsələlər üzrə qanunvericilik aktlarının işlənib hazırlanmasında, əhalinin məşğulluq siyasətinin həyata keçirilməsində iştirak edir.

Bir çox problemlərin, o cümlədən məşğulluq məsələlərinin həllində sosial tərəfdaşlığın və dialoqun möhkəmləndirilməsinin mühüm əhəmiyyətini diqqətə çatdıran AHİK sədri qeyd etmişdir ki, üçtərəfli əməkdaşlığın nəticəsi olan Baş Kollektiv Sazişin müəyyən bölməsində ölkədə məşğulluq məsələlərinin həlli üzrə öhdəliklər öz əksini tapmışdır. Hazırda həmkarlar ittifaqlarının təkidi ilə respublikada sosial-iqtisadi məsələlərə dair üçtərəfli komissiyanın, eləcə də əhalinin məşğulluq məsələləri üzrə Respublika Koordinasiya Komitəsinin yaradılması istiqamətində işlər aparılır. Bu strukturlar əhalinin məşğulluq probleminin həllinə öz təsirini göstərəcəkdir.

S.Mehbalıyev demişdir: “Yuxarıda göstərilən rəqəmlərə əsasən belə nəticəyə gəlmək olar ki, Azərbaycan əhalisi işlə təminatda o qədər də gərginlik yaşamır. Lakin etiraf edilməlidir ki, bu gün əsas məsələ layiqli işlə təminatdır, yəni, layiqli əməkhaqqı, layiqli əmək şəraiti, sosial müdafiə və s. Bu problemin bir çox sualları layiqli əmək üzrə ölkə proqramlarında əksini tapmışdır”.

Qeyd edək ki, iyunun 12-dək davam edəcək sessiyada BƏT-in konvensiya və tövsiyələrinin icrası vəziyyəti, habelə “İcbari əmək haqqında” 1930-cu il Konvensiyasına dəyişikliklərin edilməsi, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin dəstəklənməsi, məşğulluğun strateji məqsədləri və digər məsələlər müzakirə olunacaqdır.

 

AzərTac.az