Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları üzrə Cenevrə Akademiyasının 2012-ci il üzrə müharibə hesabatında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı təsdiqlənmişdir

Posted by

Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları üzrə Cenevrə Akademiyasının 2012-ci il üzrə müharibə hesabatında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı təsdiqlənmişdir

Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutunda 2012-ci il üzrə müharibə hesabatının təqdimat mərasimində təmsil olunmuşdur.

Tədbirdə BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş daimi nümayəndəliklərin, beynəlxalq təşkilatların təmsilçiləri, akademik dairələrin nümayəndələri və institutun tələbələri iştirak etmişlər.

Hesabat Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları üzrə Cenevrə Akademiyası tərəfindən hazırlanmış və Oxford Universitetinin nəşriyyat evində çap edilmişdir. Məqsəd hesabatın dövlətlər, BMT və onun ixtisaslaşmış qurumları, beynəlxalq qeyri-hökumət təşkilatları və akademik dairələr üçün dünyada mövcud olan münaqişələrlə bağlı arayış və istinad mənbəyi kimi istifadə edilməsidir.

Hesabatda 2012-ci ildə 24 dövlətin ərazisində baş vermiş və davam etməkdə olan 37 silahlı münaqişə haqqında məlumat verilmişdir. Eyni zamanda, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi faktı birmənalı şəkildə təsdiq olunmuşdur.

Hesabatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş 29-33-cü səhifələrində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyi bildirilmiş, işğalçı dövlət olaraq Ermənistanın öhdəlikləri diqqətə çatdırılmışdır. Hesabatın sözügedən münaqişəyə həsr olunmuş hissəsi “Ermənistan tərəfindən Azərbaycanın hərbi işğalı” adlanır.

Cenevrə Akademiyası silahlı münaqişə vəziyyətlərinə dair beynəlxalq hüququn müvafiq sahələri ilə bağlı elmi tədqiqat işlərinin aparılması, təlim kursları və mütəxəssis görüşlərinin keçirilməsinə məsul qurumdur. Akademiyanın məqsədlərinin həyata keçirilməsini Lozan Universiteti, Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İsveçrənin Xarici İşlər Federal Departamenti dəstəkləyir.