Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyasının iştirakçıları Bakıda Heydər Əliyev Mərkəzində olublar
Beynəlxalq Atçılıq Federasiyasının (FEI) Baş Assambleyasının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.
Trend-in məlumatına görə, qonaqlara bildirilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və böyük liderin irsinin geniş tədqiqinə yönəlib. Binası nadir memarlıq nümunələrindən biri olan Mərkəz Azərbaycan tarixi və mədəniyyətinin dünyada tanıtımı ilə yanaşı, elm, təhsil, iqtisadiyyat və s. sahələrdə araşdırmalar, müxtəlif beynəlxalq konfranslar, tədbirlərin ünvanı kimi də tanınıb.
Qonaqlar Heydər Əliyev Muzeyində, eləcə də “Azərbaycanı inciləri: tarixin axarında”, “Mini-Azərbaycan” sərgi zallarında olublar. Həmçinin hazırda Mərkəzdə nümayiş etdirilən Bernar Buffenin fərdi sərgisi, “Fly to Baku.Müasir Azərbaycan incəsənəti” sərgisi ilə də tanış olublar.
Qonaqlar Heydər Əliyev Mərkəzinin binasının qeyri-adi arxitekturasına və burada Azərbaycan və dünya mədəniyyətinin tanıtımı baxımından təqdim olunan ekspozisiyalara heyran qaldıqlarını bildiriblər.
Harold Makqahern (İrlandiya Atçılıq Federasiyası): “Mən gördüklərimə heyran oldum! Heydər Əliyev Mərkəzinin binası öz bədii-memarlıq və mühəndislik həllinə görə həqiqətən unikaldır. Müasir texnologiyalar və Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı materiallar mənə sizin gözəl ölkəniz haqqında daha çox şey öyrənmək fürsəti verdi”.
Cozefina Findiq (İngiltərə Atçılıq Federasiyası): “Mən Heydər Əliyev Mərkəzi haqqında çox eşitmişəm və bilirəm ki, bu il bina Londonda dizayn sahəsində dünyada ən yaxşısı seçilib (2014-cü ilin “Design of the Year” mükafatı – red.). Amma bu gözəlliyi öz gözlərimlə görəndə məndə sadəcə heyranedici təəssürat yarandı. Burada insan özünü evindəki kimi rahat və sərbəst hiss edir. Ümumiyyətlə, Azərbaycan haqqında məndə ən xoş təəssüratlar yarandı – bura qədim tarixi və qonaqpərvər insanları olan gözəl ölkədir”.
Corc Diqneres (Yunanıstan Atçılıq Federasiyası): “Heydər Əliyev Mərkəzi Şərqlə Qərbin birləşdiyi Bakıya xüsusi gözəllik və cazibə verir. Məndə təkcə ekspozisiyalar xoş təsir yaratmadı, mən həm də ilk dəfə valehedici “Auditorium” gördüm”.
Mark Revyu (Belçika Atçılıq Federasiyası): “Mən Avropanın bir sıra şəhərlərində olmuşam və xeyli mərkəzlər görmüşəm, amma Heydər Əliyev Mərkəzi məndə binasının öz orijinal dizayn həlli ilə xüsusi təəssürat yaratdı – demək olar ki, bir dənə düz xətt yoxdur, binanın forması isə yuxarıya dalğavarı yönəlmə və torpaqla hamar birləşmədən ibarətdir. Bu, sadəcə fantastikdir!”
Fransiska Ploqaromakes (Hollandiya Atçılıq Federasiyası): “Heydər Əliyev Mərkəzinə səfər yaddaşımda uzun müddət Azərbaycanın tarixinə çox maraqlı səyahət kimi qalacaq. Təkcə bir səfərlə nadir eksponatlar, maketlər, ölkənin tarixini və mədəni irsini əks etdirən fotoşəkillər, orta əsrlər dövrünün pulları, zərgərlik, gil və mis məmulatları, Quran, Bibliya və Tövratın qədim əlyazmaları, milli geyim nümunələri, gözəl xalılar və musiqi alətlərini görmək mümkün oldu. Mənim təəssüratlarım gözəldir!”
Xatırladaq ki, dekabrın 11-14-də Bakıda Azərbaycan Atçılıq Federasiyasının (ARAF) dəvəti ilə Beynəlxalq Atçılıq Federasiyasının ali orqanı olan Baş Assambleyanın illik iclası keçirilib. İclasda Beynəlxalq Atçılıq Federasiyasının 350-dən çox nümayəndəsi və 110 ölkədən fəxri qonaqlar iştirak edib.
Qonaqların Bakı şəhəri ilə yaxından tanış olması məqsədi ilə şəhər turları təşkil olunub. Gəzintilər Xalçaçılıq Muzeyini, Dövlət Bayrağı Meydanını, Heydər Əliyev Mərkəzini və Qala Tarixi Muzey Kompleksini əhatə edib.
Trend/az