Beynəlxalq QHT-lərin Tarixi İnkişafı və Mahiyyəti – Elnur Rüstəmov

Posted by

Ümumiyyətlə beynəlxalq təşkilatlar hələ qədim dövrlərdən fəaliyyət göstərir və cəmiyyətin inkişafı ilə təkmilləşirlər. İlk belə təşkilatlar eramızdan əvvəl VI əsrdə Yunanıstanda fəaliyyət göstərirdilər. Bunlar əsasən müxtəlif şəhərlərin birlikləri və cəmiyyətləri, şəhərlərin dini və yaxud siyasi birlikləri şəkildə təşkilatlanmışdılar. Bu birliklər yunan şəhərləri arasındakı əlaqələri möhkəmlədir və onların aktiv həyat tərzi sürmələrinə səbəb olurdular.

Beynəlxalq təşkilatların sonrakı inkişaf mərhələsi orta əsrlərdə beynəlxalq iqtisadi və gömrük birliklərinin yaranması ilə müşayiət olunur (XVI əsrdə Qanza Ticarət Birliyi, Almaniya Gömrük Birliyi, Reyn Gəmiçiliyi Üzrə Mərkəzi Komissiya (1815) isə ilk hökumətlərarası təşkilatdır). XIX əsrin ikinci yarısında isə sənaye inqilabı nəticəsində dövlətlər arasında funksional əməkdaşlığa ehtiyacın duyulması nəticəsində onlarla belə təşkilatlar yaranmağa başladı. Bunlara misal olaraq yerin ölçülməsi üzrə beynəlxalq birliklər (1864-cü il), Dünya Teleqraf Birliyi (1865-ci il), Dünya Poçt Birliyi (1874-cü il), Beynəlxalq Ölçü və Çəki Bürosu (1875-ci il), Beynəlxalq və Bədii Mülkiyyətlərin Qorunması Üzrə Beynəlxalq Birlik, Sənaye Mülkiyyətinin Qoruması Birliyi, Polis Təhqiqatı Üzrə Beynəlxalq Təşkilat (İnterpol, 1923) kimi beynəlxalq təşkilatları göstərmək olar. Beynəlxalq təşkilatların inkişafı mövzusunda növbəti mərhələ birinci dünya müharibəsindən sonra beynəlxalq arenada təhlükəsizliyin və sülhün qorunması üçün əsasən siyasi mahiyyət daşıyan beynəlxalq təşkilatların yaranması ilə müşayiət olunur: Millətlər Liqası (1919-cu il), BMT (1945-ci il), Avropa Şurası (1949-cu il) və s. Göründüyü kimi keçmişdə beynəlxalq təşkilatların yaranması və inkişafı mərhələli şəkildə baş vermişdir.

Yuxarıda göstərilən beynəlxalq təşkilatlar əsasən müəyyən dövlətlərin aralarında imzaladıqları müqavilələr əsasına fəaliyyət göstərirdilər. Lakin, bildiyimiz kimi müasir dünyamızda hökumətlər arası müqavilələrə əsaslanmadan da yaranan beynəlxalq təşkilatlar da vardır ki, bunlar beynəlxalq qeyri-hökumət təşkilatlarıdır (BQHT-lər). Ümumiyyətlə beynəlxalq təşkilatları iki qrupa ayırırlar: beynəlxalq hökumətlərarası təşkilatlar və beynəlxalq qeyri-hökumət təşkilatları. Bunların əsas fərqləri ondadır ki, birincilər dövlətlərinin birliyini göstərir, ikincilər isə fiziki və ya hüquqi şəxslərin, assosiasiyaların, hərəkatların, ictimai təşkilatların birliyini göstərir.

BQHT, bir neçə ölkənin könüllü, gəlir əldə edib bölüşdürmək məqsədi güdməyən vətəndaş və ya təşkilatların birliyidir. BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 27 fevral 1950-ci il və 25 iyun 1968-ci il tarixli qətnamələrinə əsasən bu cür təşkilatlar hökumətlər arası sazişlərə əsaslanmadan yaradılan, ən az üç üzvü olan beynəlxalq təşkilatdır. Bu təşkilatlar azı bir dövlət tərəfindən tanınmalı və azı üç ölkədə fəaliyyət göstərməlidirlər. Belə təşkilatlar beynəlxalq həyatda çox əhəmiyyətli rol oynayırlar və hətta sahələrinin liderləridirlər (Qırmızı Xaç Komitəsi kimi).

BQHT-lər öz inkişaf mərhələlərinə XIX əsrdə qədəm qoydular. Məsələn, Britaniya və Beynəlxalq Köləlik Üzrə Mübarizə Cəmiyyəti 1823-cü ildə yaranmışdı. Artıq 1874-cü ildə BQHT-lərin sayı 32, 1905-ci ildə 134, 1951-ci ildə 832, 1960-cı ildə 1 255, 1972-ci ildə 2 795, 1981-ci ildə 9 398, 1990-cı ildə 16 208-ə çatmışdır. XX əsrin əvvəllərindən sonunadək BQHT-lərin sayı düz 40 dəfə artaraq 2000-ci ildə 43 958-dən çox olmuşdur (bəzi mənbələrdə bu rəqəm 37 000 kimi göstərilir). Bu gün BQHT-lərin formalaşdırdığı sektorun illik maliyyəsi milyardlarla dollarla, bu sektorda çalışan işçi sayı isə milyon nəfərlərlə ölçülür.

Beynəlxalq hökumətlərarası təşkilatlardan fərqli olaraq qeyri-hökumət təşkilatları ərazi prinsiplər üzərində qurulmur. Onlar ancaq üç kriteriyə cavab verirlər: məqsədlərin və tərkibin beynəlxalq mahiyyətli olması, təsis edilmələrinin şəxsi təşəbbüsə əsaslanması və fəaliyyətlərinin könüllülük əsasında qurulması. Zorqbibə görə, belə təşkilatlar, dünya siyasətinə təsir edə bilmə baxımından, beynəlxalq münasibətlərin iştirakçılar olan dövlətlərə rəqib ola bilməzlər. Lakin onlar beynəlxalq ictimai rəyin formalaşması baxımından əhəmiyyətli təsir gücünə malikdirlər.

BQHT-lər öz ölçülərinə, strukturlarına, fəaliyyətlərinin istiqamətlərinə və məqsədlərinə görə həm dövlətlərdən, həm də hökumətlər arası təşkilatlardan fərqlənirlər. Onların qəbul etdiyi qərarlar dövlətlər üçün hüquqi qüvvəyə malik deyildir. Lakin onlar əksər hallarda həm professional, həm də siyasi sahələrdə qarşılarına qoyduqları məqsədlərin yerinə yetirilməsinə nail ola bilirlər. Tsıqankova görə isə, son illərdə hətta bəzi BQHT-lər (əsasən də insan haqlarının qorunması, ekoloji problemlərin həll olunması, humanitar yardımların göstərilməsi sahəsində fəaliyyət göstərən) “suveren ölkələrin daxili işlərinə qarışma hüququna” sahib olublar.

BQHT-lərin beynəlxalq siyasətdə əsas “silahı” beynəlxalq ictimai rəyi hərəkətə keçirmək, və bunun nəticəsində hökumətlərarası təşkilatlara və bu və ya digər dövlətlərə təzyiq etməkdir. Bu təzyiq çox vaxt “bumeranq effekti” ilə əldə olunur. Əgər yerli “aktorlar” (yəni QHT-lər) ilə dövlət arasındakı kanallarda bir bloklaşma yaranarsa, o zaman QHT-lər beynəlxalq şəbəkəyə “bumeranq effekti” ilə təsir edə bilirlər. Kek və Sikkink bumeranq effektini belə izah edir: “Yerli QHT-lər öz dövlətlərinin (A dövləti) yanından ötərək birbaşa BQHT-lərə yol axtarırlar, BQHT-lər isə öz növbəsində ya fəaliyyət göstərdikləri ölkənin (B dövləti) hakimiyyətinə ya da şəbəkənin o ölkədəki üzvləri olan digər təşkilatlara təzyiq göstərməyə başlayırlar ki, A dövlətindəki bloklaşma aradan qaldırılsın. Bu yolla A dövləti həm B dövlətinin, həm də B dövlətində fəaliyyət göstərən digər təşkilatların təzyiqinə məruz qalır.” Məsələn, məhz bu formada Qrinpis (Green Peace), Beynəlxalq Amnistiya, İşgəncələrə Qarşı Beynəlxalq Mübarizə Təşkilatları fəaliyyət göstərirlər. Buna görə bu BQHT-ləri çox vaxt “beynəlxalq təzyiq qrupları” adlandırırlar. Lakin elə BQHT-lər də vardır ki, onları bu qruplara aid etmək olmaz, çünki onlar məsləhətçi statusuna sahib olan BQHT-lərdir (məsələn, Ümumdünya İqtisadi Forumu (Davos Forumu) BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) yanında qeyri-hökumət təşkilatı kimi məsləhətçi statusa malikdir).

Son illər BQHT-lər əsasən humanitar yardım və inkişaf sahəsində əvəzsiz xidmətlər göstərməkdədirlər. Dünyanın müxtəlif bölgələrində yerli və regional münaqişələrin, təbii fəlakətlərin və daxili qarışıqlıqların baş verməsi humanitar problemlərin əhəmiyyətini daha da aktuallaşdırmışdır. Hər hansı bir böhranın həllində BQHT-lərin çox vaxt dövlətdən daha çevik hərəkət etməsi və böhran olan bölgələrə daha tez girə bilməsi BQHT-lərin fəaliyyətini əvəzsiz etmişdir. Eyni zamanda hökumətlər sosial problemlərin çevik həll edilməsində mənfəət güdməyən təşkilatların yəni BQHT-lərin geniş potensialından (insan resursu, maddi texniki təchizat və s.) önəmli dərəcədə faydalanırlar.

Elnur Rüstəmov,
Qafqaz Universiteti / Kamu Yönetimi Magistri,
Bank of Baku ASC / Otoplaza filialının direktoru