Belarus diplomatları iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
Belarusun Azərbaycandakı səfirliyinin əməkdaşları iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 105-ci ildönümü münasibətilə görkəmli sərkərdənin məzarını ziyarət ediblər.
Səfirlikdən AzərTAc-a bildiriblər ki, Belarus səfiri Nikolay Patskeviç, hərbi attaşe Andrey Lemeçevski və səfirliyin əməkdaşları azərbaycanlı sərkərdənin, qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsini anıb, məzarı və abidəsi önünə güllər qoyublar.
Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunda anadan olub. Böyük Vətən müharibəsi illərində özünü istedadlı komandan kimi göstərib. Onun rəhbərliyi altında 35-ci qvardiya tank briqadası Belarusun Vileyka, Minsk, Molodeçno şəhərlərinin alman-faşist işğalçılardan azad edilməsində iştirak edib. Sovet İttifaqı Qəhrəmanı adına da Belarusun azad edilməsi uğrunda müvəffəqiyyətli hərbi əməliyyatlara görə layiq görülüb.
2009-cu ildə Belarusun Vileyka şəhərində Həzi Aslanovun abidəsi ucaldılıb.
AzərTac.az