BAMF-ın sədri BMT tribunasından Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq ictimaiyyətə səslənib

Posted by

BAMF-ın sədri BMT tribunasından Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq ictimaiyyətə səslənib

BAMF-ın sədri BMT tribunasından Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq ictimaiyyətə səslənib

 

 

BAMF-ın sədri BMT tribunasından Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq ictimaiyyətə səslənib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev BMT İqtisadi və Sosial Şurasının dövlət idarəçiliyi komitəsi ekspertlərinin 14-cü sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərində səfərdədir. Aprelin 20-24–də BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilən sessiya çərçivəsində Umud Mirzəyev, BAMF-ın Nyu-York təmsilçisi Sergey Matsko və “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov bir sıra rəsmilərlə görüşlər keçiriblər.

 

İlk görüş Azərbaycanın BMT yanında daimi nümayəndəliyində olub. BMT-dəki daimi nümayəndəmiz Yaşar Əliyev Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin rolunu yüksək qiymətləndirərək, xüsusilə bu təşkilatda birgə fəaliyyətin zəruriliyindən söhbət açıb. Bu cür yüksək səviyyəli tədbirlərə qatılmağın əhəmiyyəti haqqında danışılan görüşdə gələcək əməkdaşlığın imkanları da müzakirə olunub.

 

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri BMT-nin Demokratiya Fondunda, o cümlədən nüfuzlu Kolumbiya Universitetində BMT-nin Uşaq Fondunun (UNICEF), Qaçqınlar Üzrə Ali Komissarlığının (UNHCR) və Avropa İttifaqının təmsilçilərinin də iştirakı ilə Ukraynadakı humanitar böhranla bağlı dinləmələrə qatılıblar.

 

Daha bir görüş isə BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin rəhbəri Alberto Padova ilə keçirilib. Şuranın QHT bölməsinin ən yüksək statuslu üzvü olan BAMF-ın ən yüksək statuslu üzvlərin birgə şəbəkəsinin yaradılması ilə bağlı təklifini müsbət qiymətləndirən Padova bu sahədə istənilən dəstəyi göstərməyə hazır olduğunu deyib. Bildirib ki, BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin ən yüksək statuslu üzvlərinin Bakıda və ya Nyu-Yorkda toplantısının keçirilməsi bütün üzvlərə ciddi faydalar gətirə, şuranın gələcək layihələrinin inkişafı üçün perspektiv imkanlar aça bilər.

 

Aprelin 23-də BAMF sədri əsas müzakirə mövzusu “Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün hökumətin etibarını qazanmaq, bunun üçün nə etməli?” olan sessiyaya qatılıb. Bu tədbirdə BMT-yə üzv olan 193 ölkədən ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri və rəsmilər iştirak ediblər. Xatırladaq ki, bu il BMT üçün xüsusi ildir. Çünki Minilliyin İnkişaf Məqsədləri artıq başa çatır və 2015-ci ildən sonrakı Dayanıqlı İnkişaf Məqsədləri müəyyənləşdirilir. Dayanıqlı İnkişaf Məqsədlərinə növbəti 15 il ərzində nail olunması hədəf kimi götürülür.

 

Sessiyada məhz bu mövzuya uyğun çıxış edən BAMF sədri Umud Mirzəyev Azərbaycanın Minilliyin İnkişaf Məqsədləri çərçivəsində 15 il ərzində qazanmış olduğu uğurlardan danışıb. Həmin uğurlar sırasında elektron hökumətin qurulması istiqamətində görülən işlər, “ASAN xidmət”in işə düşməsi və s. qeyd edilib. U.Mirzəyev deyib ki, hökumət artıq dayanıqlı inkişaf məqsədləri ilə bağlı zəruri işlərə başlayıb. Belə ki, dayanıqlı inkişaf məqsədlərinin bir çox aspektlərini əks etdirən və ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanıb və bu konsepsiyanın dövlət proqramları vasitəsilə hədəf ilinə qədər həyata keçirilməsi nəzərdə tutulur.

 

U.Mirzəyev bildirib ki, rəhbərlik etdiyi BAMF vətəndaş cəmiyyəti təşkilatı olaraq artıq bir neçə ildir 2015-ci ildən sonrakı dayanıqlı inkişaf məqsədləri istiqamətində həyata keçirilən fəaliyyət proqramları üzrə dövlət və icma əsaslı qurumların etibarlı tərəfdaşıdır. Son illər BAMF–ın müharibədən zərərçəkmiş regionlarda ortaya qoyduğu vətəndaş cəmiyyəti-mikromaliyyə və peşə təhsili birgə modeli sosial-iqtisadi korporativ proqramların hədəfə doğru inkişafı üçün uğurlu tendensiya olub.

 

Bununla yanaşı, dünya ictimaiyyətinin xüsusilə münaqişə bölgələrindəki vəziyyətə həssas yanaşması və dayanıqlı inkişaf üçün bütün regionlarda sülhün və barışığın təbliğ olunmasının vacibliyi də BAMF sədrinin çıxışında xüsusi vurğulanıb.

 

“Bu gün dünyamız münaqişələr məngənəsində yaşayır. Davam etməkdə olan və dondurulmuş münaqişələrin alovlanması davamlı inkişaf üçün başlıca təhdidlərdəndir. Qlobal kataklizmlərin geniş dağıdıcı təsiri nəinki davamlı inkişaf, eləcə də bəşəri sülhün qorunması üçün ciddi təhlükəyə çevrilib. Belə bir həssas məqamda dövlətlərarası etimadın formalaşdırılması və gücləndirilməsi üçün beynəlxalq hüququn prinsiplərinə, sülhün bərqərar olması üçün qəbul edilmiş BMT qətnamələrinə ciddi hörmət edilməli, qərarların icra mexanizmlərinin tapılması istiqamətində qəti addımlar atılmalıdır. Artıq uzun illərdir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri ilə, ərazilərinin işğalı, bir milyondan çox qaçqın və məcburi köçkün faktoru ilə üz-üzədir. Münaqişənin nizamlanması üçün hələ 1990-cı illərin əvvəllərində BMT tərəfindən qəbul edilmiş dörd qətnamənin prinsiplərinə riayət olunmaması regionda sülhün qorunmasına, davamlı inkişafın təmin edilməsinə ciddi təhlükə yaratmaqdadır,” – deyə BAMF sədri bildirib. Bu baxımdan münaqişələrin dayanıqlı inkişafa maneə olmasını əsas hesab edən BAMF sədri sülh quruculuğunun və sülhməramlı fəaliyyətlərin, eləcə də qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün dayanıqlı inkişaf gündəliyində ayrıca prioritet sahələrin müəyyənləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini xatırladıb.

 

Bundan başqa, Ü.Mirzəyev hökumətlərin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sosial etimadın formalaşdırılması istiqamətində beynəlxalq təşəbbüslərinin dəyərləndirilməsi, konflikt bölgələrində vətəndaş cəmiyyəti təşkilatlarının işinin daha da gücləndirilməsi və dəstəklənməsi, xalqların sülh şəraitində yaşamasını özündə ehtiva edən ayrıca bir məqsədin yeni inkişaf gündəliyində yer almasını təklif edib.

 

Ü.Mirzəyev deyib: “Biz BAMF olaraq düşünürük ki, Yeni İnkişaf Gündəliyi hökumətləri qarşılıqlı etimad və əməkdaşlıq imkanlarının genişləndirilməsinə səsləməli, insan kapitalına daha çox vəsait qoyulmasını stimullaşdırmalı, sülh və ədalətin qorunmasına töhfə verən daha çox məqsədin yer almasına çalışmalıdır”.

 

Sessiyada Böyük Britaniyanın müxtəlif hökumət strukturlarında mühüm vəzifələrdə çalışan Marqaret Saner Umud Mirzəyevin çıxışına müsbət yanaşsa da, dövlətlərarası münasibətlərdə mövcud münaqişələrin hazırda ekspertlər şurasının gündəmində olmadığını iddia etməyə çalışıb. Florida Beynəlxalq Universitetinin Dövlət İdarəetməsi və İcma Xidməti İnstitutunun direktoru Allan Rosenbaum Marqaret Sanerin bu yanaşmasının düzgün olmadığını qeyd edərək Umud Mirzəyevin kifayət qədər ciddi məsələyə toxunduğunu deyib və Azərbaycan təmsilçisinin mövqeyini açıq şəkildə dəstəkləyib.

 

Tədbirdə çıxış edən “Ümid Sosial İnkişafa Dəstək” İctimai Birliyinin sədri İsrayıl İsgəndərov ictimai iştirakçılıq və QHT menecmentinin tədris olunması ilə bağlı maraqlı təkliflərlə çıxış edib.

 

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin BMT-nin İqtisadi və Sosial Şurasının dövlət idarəçiliyi komitəsinin ekspertlərinin 14-cü sessiyasına qatılması Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşıb.

 

AzərTac.az