Bakıdan Sumqayıta 40 dəqiqəyə çatacaq sərnişin qatarı yolunun quraşdırılması son mərhələdədir
Sabah Bak-Xırdalan-Sumqayıt sərnişin sahəsində yeni birləşdirici yolun qoyulmasına başlanılır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, sabah Sumqayıt baş stansiyasına daxil olmadan şəhərin sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun qoyuluşuna başlanılır. Məlumatda qeyd olunur ki, ilkin olaraq sözügedən yolun üzərində yoldəyişdirici qurğular quraşdırılacaq. Eyni zamanda Bakı-Sumqayıt xətti boyunca yerləşən stansiyalarda bəzi tamamlama işləri görülür.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 61 km yol əsaslı təmir olunub. Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaqdır.
Trend.az