Bakıda VII Bakı Beynəlxalq Bank Konfransı keçirilir

Posted by

Bakıda VII Bakı Beynəlxalq Bank Konfransı keçirilir

Bu gün Bakıda MDB-nin Maliyyə-bank Şurası, Azərbaycan Beynəlxalq Bankı (ABB) və MDB-nin İcraiyyə Komitəsinin dəstəyi ilə MDB ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransı işinə başlayıb.

 

Bakıda VII Bakı Beynəlxalq Bank Konfransı keçirilir

“APA-Economics”in məlumatına görə, konfransın ilk günündə MDB ölkələri arasında strateji maliyyə-investisiya əməkdaşlığının inkişafı mövzusu müzakirə olunacaq. Bundan başqa, dünyada baş verən siyasi və iqtisadi burulğanlıq şəraitində MDB ölkələrinin maliyyə bazarları arasında qarşılıqlı fəaliyyətin xüsusiyyətləri, MDB ölkələrində uzunmüddətli kredit resurslarının mənbələri, dünya və milli ödəniş sistemlərinin tətbiqi zamanı risklər və imkanlar arasında balans, MDB ölkələrinin maliyyə bazarlarının inteqrasiyasında üzv ölkələrin mərkəzi banklarının rolu, dünya ödəniş infrastrukturunun inkişafına təsir edən hərəkətverici faktorlar, bazarda mövcud olan pul köçürmələri və ödəniş sistemində əsas problemlər, pul köçürmələri və ödəniş bazarlarının gələcəyi-yeni oyunçu və texnologiyalar, eləcə də inkişaf yolları və s. mövzular da əsas müzakirə obyekti olacaq.

 

Konfransda salamlama nitqi ilə çıxış edən MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedyev bildirib ki, artıq Bakı bu tədbirə 7-ci dəfədir ki, ev sahibliyi edir. Onun sözlərinə görə, bu konfrans MDB ölkələri arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. O, əlavə edib ki, Azərbaycan MDB ölkələri arasında əməkdaşlıqda aktiv iştirak edir və bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. S.Lebedyev qeyd edib ki, MDB məkanında iqtisadi əməkdaşlıq üçün potensial böyükdür və bu tədbir onun reallaşmasına dəstək olacaq.

 

MDB Maliyyə-bank Şurasının birinci vitse-prezidenti, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev isə çıxışında bildirib ki, bu konfransa maraq ildən-ilə artır. Onun sözlərinə görə, budəfəki konfransda 200-dən artıq nümayəndə iştirak etməsi də bunu bir daha sübut edir.

C. Haciyev deyib ki, konfransda MDB ölkələrinin maliyyə-bank sisteminin vəziyyəti, problemlər və perspektivlər, quruma üzv ölkələrdə islam bankçılığının inkişafı, birja strukturu və lizinq məsələləri müzakirə olunacaq. C.Haciyev həmçinin Azərbaycanın bank sektorunun inkişafı məsələsinə də toxunub. O bildirb ki, Mərkəzi Bank tərəfindən 2015-ci ilin yanvarın 1-dən ölkədəki bankların məcmu kapitalı 50 mln. manat olmalıdır. Onun fikrincə, kapital tələbinin 5 dəfəyədək artırılması bank sisteminin effektivliyinə müsbət təsir edəcək.

 

Qeyd edək ki, konfransda MBD-nin əksər ölkələrinin maliyyə və bank qurumları, bir sıra beynəlxalq maliyyə təşkilatları, Azərbaycanın bank və sığorta təşkilatlarının nümayəndələri iştirak edirlər.

 

Konfrans noyabrın 16-da başa çatacaq.

 

Apa.az