Bakıda Türkiyənin milli bayramı qeyd edildi

Posted by

Bakıda Türkiyənin milli bayramı qeyd edildiBakıda Türkiyənin milli bayramı qeyd edildi

Bakıda Türkiyənin milli bayramı qeyd edildi

Oktyabrın 29-da Türkiyənin Azərbaycandakı səfirliyi cümhuriyyətin elan edilməsinin 91 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.

AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir İsmail Alper Coşkun ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin istiqlal mübarizəsindən və ölkəsinin keçdiyi inkişaf yolundan danışdı.

Səfir qeyd etdi ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, eləcə də demokratiya və insan haqları sahələrində böyük addımlar ataraq regionda və dünyada öz mövqeyini möhkəmləndirib.

İkitərəfli əlaqələrin inkişafında dövlət və hökumət başçılarının rolunu xüsusi vurğulayan İsmail Alper Coşkun dedi ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan danışıqlar və imzalanmış çoxsaylı sənədlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradır.

Bildirildi ki, bu gün Türkiyə və Azərbaycan sıx birliyə nail olublar, ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə gələcəyə daha inamla addımlayırlar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Azərbaycanın işğal altında olan ərazilərinin tezliklə azad edilməsinin zəruriliyini vurğuladı. O bildirdi ki, bu məsələ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir və Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır.

Azərbaycan Prezidenti İlham Əliyevin adından əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün Türkiyə xalqını təbrik edən Baş nazirin müavini Abid Şərifov qardaş ölkəyə firavanlıq və uğurlar arzuladı. İki ölkə arasındakı mövcud münasibətlərdən danışan Baş nazirin müavini elm, təhsil, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə sıx əməkdaşlığın olduğunu dedi. Abid Şərifov bildirdi ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri alıb, qardaşlıq əlaqələrimiz daha da möhkəmlənib. Bu gün bu əlaqələr sürətlə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir və eyni mövqedən çıxış edir.

Abid Şərifov Azərbaycanda həyata keçirilən bir sıra strateji layihələrdə Türkiyədən olan şirkətlərin fəal iştirak etdiklərini, bunun da hər iki ölkənin iqtisadiyyatının inkişafına xidmət etdiyini söylədi. Baş nazirin müavini yaxın 5-6 ildə Türkiyəyə 20 milyard dollara qədər Azərbaycan investisiyalarının qoyulacağını əlavə etdi.

Abid Şərifov Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirdi.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, türkiyəli iş adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

 

AzərTac.az