Bakıda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans işini davam etdirir

Posted by

Bakıda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans işini davam etdirir Bakıda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans işini davam etdirir

Bakıda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans işini davam etdirir

Azərbaycan Respublikası Ali Məhkəməsinin və Avropa Şurasının birgə təşkilatçılığı ilə Bakıda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda keçirilən beynəlxalq konfrans oktyabrın 25-də işini davam etdirib.

AzərTAc xəbər verir ki, konfransın ikinci günündə “Konvensiya sistemi çərçivəsində hakimlər arasında dialoq” mövzusunda sessiyaya moderatorluq edən Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun İnsan Hüquqları Siyasəti və İnkişafı İdarəsinin rəisi Mixail Lobov mövzu ilə bağlı məlumat verdi və bu məsələnin əhəmiyyətindən danışdı.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Katibliyinin rəhbər müavini Maykl Patrik O`Boyl “Məhkəmələr və digər vasitələrlə hakimlər arasında dialoq” mövzusunda çıxışında bildirdi ki, belə mühüm tədbirlər qarşılıqlı fikir mübadiləsinin aparılması və dialoq üçün çox əhəmiyyətlidir. O, məhkəmələrin kommunikasiya strategiyasının bu prosesdə özünü doğrultduğunu xüsusi qeyd etdi. İnsan hüquqlarının müdafiəsinin müasir dünyada daha çətin olduğunu vurğulayan M.O`Boyl diqqətə çatdırdı ki, belə mürəkkəb vəziyyətdə bütün tərəflər bu prosesə öz töhfələrini verməlidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin islahatı üzrə ekspertlər komitəsinin sədri, Norveç Ədliyyə Nazirliyinin xüsusi məsləhətçisi Morten Ruud “Konvensiyanın 16 saylı Protokolu” mövzusunda məruzə ilə çıxışında bu sənədin tarixi barədə məlumat verdi və onun 10 dövlət tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə mindiyini diqqətə çatdırdı. Qeyd etdi ki, sənəd bütün üzv ölkələr tərəfindən ratifikasiya edildikdən sonra Avropada yaxşı presedent olacaq. O, 16 saylı Protokolun milli məhkəmələr və hakimlərlə Avropa Məhkəməsi arasında faydalı dialoqun qurulmasında mühüm rol oynayacağını vurğuladı.

Venesiya Komissiyasının fundamental hüquqlar komitəsinin sədri Herdis Torqeysdottir “Venesiya Komissiyasının rolu” mövzusunda məruzəsində Venesiya Komissiyasının hakimlər arasında dialoq prosesində rolundan danışdı. Bildirildi ki, məsləhət-məşvərətçi qurum olan Venesiya Komissiyası Avropa Məhkəməsi və milli məhkəmələr üçün köməkçi orqan funksiyasını yerinə yetirir. Komissiya hüquqi məsləhətləri üzv dövlətlərə çatdırmaqla onların təcrübə baxımından demokratiya və qanununun aliliyi istiqamətləri üzrə Avropa standartlarına uyğunlaşdırılmasına çalışır.

Çıxışlardan sonra sessiyada müzakirə olunan mövzular ətrafında fikir mübadiləsi aparıldı.

Müzakirələrə qoşulan Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində daimi nümayəndə Çingiz Əsgərov 16 saylı Protokolun əhəmiyyətindən danışaraq bildirdi ki, Azərbaycan Respublikasının bu mühüm sənədə qoşulması ilə bağlı daxili prosedur artıq başlayıb.

Konfrans işini davam etdirir.

 

AzərTac.az