Bakıda MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilir
Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) Gömrük Xidməti Rəhbərləri Şurasının 59-cu iclası işə başlayıb.
“APA-Economics”in məlumatına görə, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın gömrük xidmətlərinin nümayəndə heyətləri iştirak ediblər.
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tədbirin açılışında bildirib ki, bu tədbirin Azərbaycanda keçirilməsi çox təqdirəlayiq işdir. A.Əliyev bu cür tədbirlərin bir gün ərzində keçirilməsini çox az müddət olduğunu qeyd edib: “İstərdik ki, heç olmasa, bir gün ərzində Azərbaycan mədəniyyətini, mətbəxini və ölkəmizin gözəlliyini qonaqlara tanıdaq”.
Gündəliyə əsasən 2014-cü il üçün MDB Gömrük Xidməti Rəhbərləri Şurasının katibinin təyin edilməsi, bundan öncəki Şurada qəbul edilən qərarların yerinə yetirilməsi vəziyyəti haqqında Şura Katibinin məlumatı, malların təkrar ixracı və təkrar ixracına icazənin verilməsi qaydası haqqında sazişə dəyişiklər edilməsi barədə protokol layihəsi, MDB dövlətlərinin vahid sərnişin-gömrük bəyannaməsi və onun doldurulması qaydaları, eləcə də MDB dövlətləri vahid gömrük bəyannaməsi blankının istifadəsi edilməsi ilə fiziki şəxslərin daşıdığı malların sadələşdirilmiş bəyan edilməsi qaydalarına baxılıb.
Bundan başqa, iclasda ikitərəfli saziş imzalanıb.
Qeyd edək ki, iclas iştirakçıları tədbirdən öncə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Apa.az