Bakıda FEI və ARAF qala-gecə keçiriblər: dünyanın ən yaxşı idmançıları mükafatlandırılıblar

Posted by

Bakıda FEI və ARAF qala-gecə keçiriblər: dünyanın ən yaxşı idmançıları mükafatlandırılıblar Bakıda FEI və ARAF qala-gecə keçiriblər: dünyanın ən yaxşı idmançıları mükafatlandırılıblar

Bakıda FEI və ARAF qala-gecə keçiriblər: dünyanın ən yaxşı idmançıları mükafatlandırılıblar

Bakıda “Buta Palace”-da Beynəlxalq Atçılıq Federasiyası (FEI) və Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə qala-gecə keçirilib.

 

Trend xəbər verir ki, təntənəli gecədə İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseyn, Beynəlxalq Atçılıq Federasiyasının yeni seçilmiş prezidenti İnqmar de Vos, Azərbaycan Atçılıq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, Baş nazirin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov, dünyanın 100-dən artıq ölkəsindən milli nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

 

Gecədə İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseynin idman arenasında və FEI prezidenti postunda uğurlarını, ümumilikdə atçılıq idmanının nailiyyətlərini əks etdirən video və foto materiallar qonaqların diqqətinə çatdırılıb. Ülyahəzrətləri Haya Bint Al Hüseyn bu il üçüncü müddətə FEİ prezidentliyinə öz namizədliyini irəli sürməyib və 2006-cı ildən rəhbərlik etdiyi bu postu tərk edib.

 

Şahzadə Haya Bint Al Hüseyn öz çıxışında qeyd edib ki, qala-gecədə iştirak etmək onun üçün böyük şərəfdir.

 

Ülyahəzrətləri Azərbaycan Atçılıq Federasiyasına, xüsusilə federasiya prezidenti Elçin Quliyevə təkrarolunmaz və yaddaqalan gecəyə görə təşəkkürünü bildirib.

 

Onun sözlərinə görə, Bakı belə tədbirlərin mükəmməl keçirilməsi üçün valehedici şəhərdir.

 

İordaniya Şahzadəsi qeyd edib: “Biz bugünkü gecənin yaddaqalan olmasına kömək edən hər kəsin səylərini dəyərləndiririk”.

 

Xanım Haya Bint Al Hüseynin sözlərinə görə, istənilən idman növü kimi, atçılıq da inkişaf edir və yeni istedadlı idmançılar meydana çıxır.

 

Ülyahəzrətləri qeyd edib ki, 2009-cu ildən müxtəlif nominasiyalar üzrə ən yaxşı idmançıların mükafatlandırılması mərasimləri Kopenhagendən Taybey və Rio-de-Janeyroya, İstanbuldan Monreala qədər dünyanın bir çox şəhərlərində keçirilib.

 

İordaniya Şahzadəsi bildirib: “İndi bu mərasim Bakıda keçirilir. Məlum olduğu kimi, Beynəlxalq Atçılıq Federasiyasının mükafatları yalnız yarışların iştirakçılarına təqdim edilmir. Biz bu yarışların təşkilinin arxasında dayanan hər kəsin sədaqətini, yuxusuz gecələrini və ağır işini də mükafatlandırırıq”.

 

Onun sözlərinə görə, həmin insanlar “Best Groom Award” mükafatı ilə təltif olunurlar.

 

Bu, bəlkə də ən effektli nominasiya deyil, lakin əlbəttə ki, ən hörmətli mükafatdır. Şahzadə deyib ki, bu mükafata hər il yüzlərlə şəxsin namizədliyi irəli sürülür.

 

Xanım Haya Bint Al Hüseyn bildirib ki, cari ildə bu mükafata ən müxtəlif mehtərlərin namizədliyi təqdim edilib, lakin onları bir şey – atlara təmənnasız sevgi birləşdirir.

 

Onun sözlərinə görə, yarışların təşkilinin arxasında dayananların təltif olunduqları daha bir mükafat “FEİ Solidarity Award”-dır.

 

İordaniya Şahzadəsi qeyd edib ki, bu mükafatın az sayda olan namizədləri əyani şəkildə sübut etdilər ki, atçılıq nə qədər güclü ola bilər və o, insanların, bütövlükdə cəmiyyətin həyatını yaxşıya doğru necə dəyişə bilər: “Atlar bizi güclü edən qeyri-adi varlıqlardır. Mənə verilən fürsətdən istifadə edərək bu il qalibləri müəyyən etməyə kömək edən hakimlərə də enerji və ruh yüksəkliklərinə görə təşəkkürümü bildirmək istəyirəm”.

 

Haya Bint Al Hüseyn, həmçinin atçılığın inkişafına verdikləri töhfəyə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib: “Sizin sədaqətiniz, meyilləriniz və vaxtınız sayəsində atçılıq idmanı mövcuddur”.

 

Qala-gecə çərçivəsində 2014-cü ilin yekunları üzrə müxtəlif nominasiyalarda dünyanın ən yaxşı idmançılarının mükafatlandırılması mərasimi keçirilib. Mükafatları Ülyahəzrətləri Haya Bint Al Hüseyn təqdim edib.

 

Lambert Lekletsio (Lambert Leclezio, Mavriki) “Rising Star Award”, Jeron Dabbeldam (Niderland) “Best Athlete Award”, Jeki Potts (Böyük Britaniya) “Best Groom Award”, İkval Ark (Sinqapur) “FEİ Solidarity Award”, Sidni Kollier (ABŞ) isə “Against All Odds Award” mükafatının sahibi olublar.

 

Həmçinin, dünyada atçılıq idmanının inkişafına verdikləri çoxillik töhfələrə görə FEİ ağsaqqalları nüfuzlu mükafatlara layiq görülüblər.

 

Atçılıq idmanının inkişafında göstərdiyi xidmətlərə və FEİ Baş Assambleyasının möhtəşəm təşkilinə görə ARAF prezidenti Elçin Quliyev başda olmaqla federasiya rəhbərliyi mükafatlandırılıb. Öz növbəsində, Elçin Quliyev xanım Haya Bint Al Hüseynə qiymətli mükafatlar və onun portretini təqdim edib.

 

Gecə səmimi və mehriban atmosferdə keçib. Qonaqlara milli mətbəxin nəfis təamları və şirniyyatları təqdim edilib. Klassik və xalq musiqisi, estrada və caz ifaçılarının iştirakı ilə konsert proqramı keçirilib. Konsert zamanı xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə məşhur opera müğənniləri Samir Cəfərov və Fidan Qasımova, eləcə də əməkdar artist Natiq Şirinovun ritm qrupu, əməkdar artist Akif Süleymanbəylinin caz orkestri, gənc ifaçılar Vaqif Nağıyev və Elnur Quliyev çıxış ediblər. Gecənin xüsusi qonağı məşhur italyan müğənni İnqrid (In-Grid) olub.

 

Qeyd edək ki, ilk dəfə olaraq dekabrın 11-14-də Bakıda Azərbaycan Atçılıq Federasiyasının (ARAF) dəvəti ilə Bey­nəlxalq Atçılıq Federasiyasının ali orqanı olan Baş Assam­bleyanın illik iclası keçirilib. İclasda Beynəlxalq Atçılıq Federasiyasının 350-dən çox nümayəndəsi və 110 ölkədən fəxri qonaqlar iştirak ediblər. Bu, indiyədək keçirilmiş Baş Assambleyalar tarixində re­kord göstəricidir.

 

Bey­nəlxalq Atçılıq Federasiyası (FEI) Baş Assambleyasının iclası dünyada atçılıq idmanı sahəsində mühüm hadisələrdən biridir. Hər il müxtəlif şəhərlərdə keçirilən tədbir bu il ilk dəfə Bakıda təşkil olunur. Bütün atçılıq milli federasiyalarının nümayəndələrinin toplaşdıqları forumda atçılıq idmanı qaydalarının inkişafının ən əhəmiyyətli məsələləri, maliyyələşmə problemləri, idarəetmə məsələləri və s. müzakirə edilir, qərarlar qəbul olunur.

 

Bu il eləcə də Beynəlxalq Atçılıq Federasiyasının yeni prezidentinni seçkiləri keçirilib. Federasiyanın Baş Assambleyasının nümayəndələrinin səsverməsi nəticəsində qarşıdakı dörd ildə Federasiyaya İnqmar de Vos (Belçika) rəhbərlik edəcək.

 

Baş Assambleya çərçivəsində Azərbaycan Atçılıq Federasiyası (ARAF) tərəfindən Bakıda “Mangal Steak House” restoranında Beynəlxalq Atçılıq Federasiyası (FEI) Baş Assambleyası iştirakçılarının şərəfinə “Azərbaycana xoş gəlmişsiniz!” adlı qala-ziyafət təşkil olunub. Bayram gecəsinin qonaqlarına Azərbaycan milli mətbəxinin nəfis təamları təqdim edilib. Gecədə xalq musiqisi, muğam və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı keçirilib.

 

İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseyn də FEI-nin Bakıda keçirilən Baş Assambleyasının iştirakçılarının şərəfinə “Dağüstü Park Cafe”də xüsusi kokteyl-gecə təşkil edib. Bundan əlavə, qonaqların Bakı şəhəri ilə yaxından tanış olması məqsədi ilə dekabrın 11, 12, 13-də şəhər turları təşkil olunub. Gə­zintilər Xal­çaçılıq Muzeyini, Dövlət Bayrağı Meydanını, Heydər Əliyev Mərkəzini və Qala Tarixi Muzey Kompleksini əhatə edib.

 

 

Trend.az