Bakıda “Dağlıq Qarabağ münaqişəsi: erməni uydurmaları və Azərbaycan həqiqətləri” mövzusunda elmi-praktiki konfrans keçirilib
Bu gün Xəzər Universitetində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: erməni uydurmaları və Azərbaycan həqiqətləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Xəzər Universtetinin təşkilatçılığı ilə keçirilən tədbirdə veteranlar, Böyük Vətən müharibəsi iştirakçıları, Xəzər Universitetinin tələbələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Veteranlar Şurasının sədri, istefada olan general-mayor Dadaş Rzayev qeyd edib ki, hər bir Azərbaycan gənci vətənpərvər olmalıdır: “Ulu öndər Heydər Əliyev deyirdi ki, “mən fəxr edirəm ki, Azərbaycanlıyan”. Bu sözün özü böyük vətənpərvərlik deməkdir”.
D.Rzayev qeyd edib ki, veteranlar hər zaman öz təcrübələrini gənclərlə bölüşməyə hazırdırlar: “Veteranların vətənpərvərliyi hər bir gənc üçün nümunə olmalıdır”.
Onun sözlərinə görə, Azərbaycan Ordusu ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra yaranmağa başladı: “O vaxtan bəri ordumuz xeyli inkişaf edib və MDB ölkələri arasında ən qabaqcıl ordularından biridir. Azərbaycanda orduya mütəxəsislər hazırlayan təhsil ocaqları var və bu, bizim ordumuzun elmi əsaslar ilə inkişaf etdirilməsini təmin edir”.
Veteranlar Şurasının sədri vurğulayıb ki, bu gün Azərbaycan Ordusu müasir texnika və silahlara malikdir: “Azərbaycan Ordusu ali baş komandan, cənab Prezident İlham Əliyevin səyi nəticəsində bu uğurlara nail olub”.
D.Rzayev qeyd edib ki, ali baş komandan əmr verdiyi halda Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etməyə hazırdır: “Hər bir gənc vətənpərvər olmalı və vətən çağıran zaman hər bir gənc bir əsgər kimi sıraya durub vətənin müdafiəsinə qalxmalıdır”.
Sonra D.Rzayev tələbələrin suallarını cavablandırıb.
Daha sonra çıxış edən Veteranlar Şurasının Beynəlxalq əlaqələr və xalqlar arasında dostluq komissiyasının sədri, istefada olan polkovnit-leytenant Zahiddin Abbasov Xocalı soyqırımının 22-ci ildönümünün Azərbaycanda və dünyada geniş miqyasda anıldığını qeyd edərək ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər haqqına danışıb.
O qeyd edib ki, bütün bu vəhşiliklər ermənilərin türklərə qarşı nifrət hissindən irəli gəlir. Z.Abbasov həmçinin ermənilərin tarixən azərbaycanlılara qarşı törətdikləri cinayətlər, ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi barədə danışıb.
Tədbirdə daha sonra çıxış edənlər də gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin müharibə şəraitində olan bir ölkə üçün çox mühüm məsələ olduğunu vurğulayıb və gəncləri hər an vətənin müdafiəsinə hazır olmağa çağırıb.
Trend.az