Bakıda Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Posted by

Bakıda Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bu gün Bakı şəhərində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Rumıniya xarici işlər nazirinin müavini Boqdan Aureskunun iştirakı ilə siyasi məsləhətləşmələr keçirilib.

 

Trend Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və sözügedən münasibətlərin strateji xarakter daşıdığı vurğulanıb.

 

Azərbaycanın xarici işlər nazirinin müavini X.Xələfov Azərbaycan ilə Rumıniya arasında siyasi dialoqun yüksək səviyyəsinin bütün sahələrdə, o cümlədən iqtisadi, kənd təsərrüfatı, sənaye, müdafiə sənayesi, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib, Azərbaycan və Rumıniya arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün heç bir məhdudiyyətin olmadığını qeyd edib. Nazir müavini ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayıb, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rolu qeyd edib.

 

Rumıniya xarici işlər nazirinin müavini B.Auresku Azərbaycan ilə Rumıniya arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün hər cür imkanların mövcud olduğunu qeyd edib və bu baxımdan qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacib olduğunu bildirib. Rumıniya rəsmisi ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün siyasi şəraitin əlverişli olduğunu vurğulayıb.

 

X.Xələfov Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyərək, regionda sabitlik və davamlı inkişaf üçün yeganə maneə kimi Ermənistan-Azərbaycan münaqişəsini göstərib. O, tərəf müqabilinə münaqişə haqqında məlumat verərək, Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin perspektivsiz olduğunu bildirib, apardığı işğalçılıq siyasəti nəticəsində Ermənistanın regionda həyata keçirilən bütün irimiqyaslı enerji və nəqliyyat layihələrindən kənarda qaldığını qeyd edib. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinin nəzarətsiz qaldığını deyən nazir müavini sözügedən ərazilərin beynəlxalq terror təşkilatlarının təlim mərkəzi kimi, insan alveri, qeyri-qanuni silah alveri, narkotik maddələrin yetişdirilməsi və tranziti üçün istifadə edildiyini vurğulayıb. Bu vəziyyətin regionda sülh və sabitliyə təhlükə təşkil etdiyini bildirən X.Xələfov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu qeyd edib.

 

B.Auresku Rumıniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bunu bütün müstəvilərdə ifadə edəcəklərini bildirib.

 

Görüşdə qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında 2014-2015-ci illər üçün ikitərəfli və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr planı imzalanıb.

 

Trend.az