Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib

Posted by

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib

Bu gün Bakıda Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib.

 

“APA-Economics”in məlumatına görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı, sənaye, tikinti, konsaltinq, turizm və s. sahələrdə fəaliyyət göstərən 60-a yaxın şirkətin nümayəndəsi iştirak edib.

 

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan- Rusiya əlaqələrinin, o cümlədən Rusiyanın subyektləri ilə əməkdaşlığın inkişaf etdiyini qeyd edib. Nazir bildirib ki, Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır: “Bu gün baş tutan biznes forum bu il keçirilən sayca üçüncü Azərbaycan-Rusiya biznes forumudur. Rusiyanın 4 subyekti ilə ölkəmiz arasında hökumətlərarası komissiyalar fəaliyyət göstərir, 14 subyekti ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb. Son 4 ildə Azərbaycan və Rusiyanın subyektləri arasında 17 biznes forum, işgüzar görüş və sərgi keçirilib”.

 

Ş. Mustafayev deyib ki, Azərbaycan Rusiyanın Ulyanovsk vilayəti ilə də fəal əməkdaşlıq edir: “Ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox, Ulyanovsk vilayəti ilə isə 13% artıb. Bununla belə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və Azərbaycan qonşu Rusiya, o cümlədən Ulyanovsk vilayəti ilə əlaqələrin genişlənməsində maraqlıdır”.

 

Nazir keçirilən biznes-forumun da Azərbaycan və Rusiyanın subyektləri arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addım olduğunu vurğulayıb.

 

Ulyanovsk vilayətinin hökumətinin başçısı, qubernator Sergey Morozov Rusiya Federasiyasının digər subyektləri kimi, Ulyanovsk vilayətinin də Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və Ulyanovskun iqtisadiyyatına, investisiya qoyuluşu imkanlarına dair məlumat verib: “Ulyanovskda Azərbaycanın Mədəniyyət Mərkəzinin və Heydər Əliyev adına orta məktəbin tikintisi nəzərdə tutulur. Ulyanovsk maşınqayırma, aviatikinti, cihazqayırma sahələri üzrə Rusiyanın ən aparıcı regionlarından biridir”.

 

S. Morozov deyib ki, Ulyanovsk vilayəti Azərbaycandan investisiya cəlb etməkdə maraqlıdır: “Biz vilayətimizdə investisiya yatıran şirkətlərə və şəxslərə mülkiyyət hüquqlarının qorunması və yaradılmasını təmin edirik. Buna bizim bütün qanunlarımız imkan verir. Həmçinin, region ölkənizi turizm sahəsində əməkdaşlıqda böyük imkanlar yaradacaq. Biz Azərbaycanın tikinti sektorunda çalışan investorları Ulyanovska dəvət edirik və onların mənzil tikintisinə qoşulmağa çağırırıq”.

 

Qubernator yaxın zamanda Rusiyanın Ulyanovsk şəhəri ilə Azərbaycanın Gəncə şəhərinin qardaşlaşması ilə bağlı saziş imzalanacaq: “Artıq bununla bağlı razılıq əldə olunub”.

 

Sonra Azpromo və Ulyanovsk vilayətinin “Sahibkarlığın İnkişafı Korporasiyası” Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Sonda Azərbaycan-Rusiya biznes forumu iş adamları arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə başa çatıb.

 

Apa.az