Bakıda anomal şaxtalar gözlənilir
Fevralın 7-dək Bakıda anomal şaxtalı hava şəraiti davam edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-dək havanın minimal temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz saatlarında isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
Bu müddətdə əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Şaxtalı hava şəraiti isə davam edəcək. Fevralın 7-dək bəzi ərazilərdə gün ərzində qısamüddətli zəif qar yağması istisna olunmur.
Fevralın birinci ongünlüyündə, xüsusən də birinci ongünlüyün birinci yarısında anomal şaxtalı hava şəraiti Azərbaycan ərazisində davam edəcək.
Həmin müddətdə artıq ötən günlərdə müşahidə edilən kəskin şaxtaların, covğunun olacağı gözlənilmir.
Nazirlikdən daha sonra Trend-ə verilən məlumata görə, fevralın 6-dək Abşeron yarımadasında gözlənilən soyuq və diskomfort hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olsa da, havanın oksigenlə zəngin olması müsbət amildir.
Fevralın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, gün ərzində bəzi yerlərdə qısamüddətli zəif qar yağacağı ehtimal olunur.
Günün ikinci yarısında cənub-qərb küləyi əsəcək. Şaxtalı hava şəraiti davam edəcək. Havanın temperaturu gecə 6-8, səhər 3-5, gündüz 0-2 şaxta , bəzi yerlərdə 1 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Fevralın 4-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək. Lakin Ləkəran-Astara zonasında qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Aran rayonlarında gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəyədək isti, dağlarda gecə 15-20, gündüz 4-9 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Milli.az