Bakıda ABŞ-ın müstəqillik günü qeyd edilmişdir
İyulun 3-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 238-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil etmişdir.
AzərTAc xəbər verir ki, qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın Əməkdar Artisti Fidan Hacıyevanın ifasında hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkəsinin müstəqillik tarixindən danışmışdır. Qeyd etmişdir ki, 1776-cı il 4 iyul ABŞ-ın “Müstəqillik Bəyannaməsi”nin imzalandığı gündür. Bildirilmişdir ki, ABŞ müstəqillik yolunda böyük çətinliklərdən keçərək bu günə gəlib çıxmışdır.
Azərbaycan-ABŞ münasibətlərindən danışan diplomat iki ölkənin birgə çox uğurlara nail olduqlarını söyləmişdir. İyirmi ildən artıqdır ki, ABŞ-ın Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəklədiyini qeyd edən səfir iki ölkə arasında güclü tərəfdaşlığın olduğunu söyləmiş və bu tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini bildirmişdir.
Azərbaycan Prezidenti və hökuməti adından ABŞ xalqını milli bayram münasibətilə təbrik edən maliyyə naziri Samir Şərifov ölkələrimiz arasındakı diplomatik münasibətlərdən danışmışdır. Bildirmişdir ki, Azərbaycan ilə ABŞ-ı bütün sahələrdə səmimi dostluq, qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir. Biz ABŞ ilə əlaqələrimizin inkişafına önəm veririk.
Siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da genişlənməsinin məmnunluq doğurduğunu bildirən Samir Şərifov diqqətə çatdırmışdır ki, ümummilli lider Heydər Əliyev həmişə ABŞ-Azərbaycan münasibətlərinə önəm vermiş, bu əlaqələrin hazırkı səviyyəyə çatmasında mühüm rol oynamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə, demokratiyanın inkişafına və terrorçuluğa qarşı mübarizədə birgə səylərin artırılmasına, o cümlədən təhlükəsizlik və enerji sahəsində əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir.
S.Şərifov diqqətə çatdırmışdır ki, ikitərəfli əlaqələrin genişləndirilməsi üçün səmərəli hüquqi baza yaradılmışdır. Azərbaycan ABŞ ilə qlobal və regional təhlükəsizlik, demokratik islahatlar, insan hüquqlarına hörmət, tolerantlıq kimi ümumi dəyərləri bölüşür.
Nazir ABŞ şirkətlərinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə iştirak etdiyini söyləmiş, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində əhəmiyyətli rol oynadığını diqqətə çatdırmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir qeyd etmişdir ki, rəsmi Bakı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-a problemin həllində böyük ümidlər bəsləyir. Ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmini, regionda sabitliyin bərqərar olunması istiqamətində əməkdaşlığı bundan sonra da davam etdirəcəyini söyləyən S.Şərifov mədəniyyət, turizm, idman sahələrində əlaqələrin genişlənməsi üçün səylərin əsirgənməyəcəyini diqqətə çatdırmışdır.
AzərTac.az