Bakı yol polisi bayram günlərində görüləcək təhlükəsizlik tədbirlərini açıqladı
Martın 19-dan etibarən Bakıda bir sıra yollarda hərəkət tam məhdudlaşdırılacaq, hərəkətin istiqaməti dəyişdiriləcək. Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, sabah, martın 19-dan etibarən Bakıda İçərişəhər – Qoşa Qala Qapısı meydanında şənliklərin keçirilməsinə başlanılır. Bu səbəbdən paytaxtın bəzi yollarında hərəkət tam məhdudlaşdırılacaq: “Tədbirlərin başlanılması ilə əlaqədar sabah səhər saat 7:00-dan etibarən Azərbaycan prospektinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Əziz Əliyev küçəsi, Qoşa Qala Qapısı və Gənclər meydanı istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. Ona görə də şənlik iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, onların rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədilə avtomobil sahibləri və sürücülərə alternativ yollardan istifadə edilməsi tövsiyə olunur”.
V.Əsədov qeyd edib ki, tədbir Qoşa Qala Qapısı meydanından başlayacaq, İçərişəhərdə, Qız Qalası ətrafında, daha sonra Neftçilər prospekti və Dənizkənarı Milli Park boyu davam edəcək: “Xüsusilə bayram günlərində Dənizkənarı Milli Park boyu şənliklərin keçirildiyi müddətdə bulvar boyunca Neftçilər prospektində nəzarət gücləndiriləcək, təhlükəsizlik təmin ediləcək. Ona görə də əhalidən xahiş edilir ki, şəxsi avtomobillərdən az istifadə etsinlər, avtomobilləri yol nişanlarının təsir zonalarında saxlamasınlar, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Tədbirə qatılmaq üçün avtomobillə gələnlər şəxsi nəqliyyat vasitələrini yaxınlıqdakı çoxmərtəbəli avtomobil duracağında saxlaya bilərlər”.
Onun sözlərinə görə, paytaxtda Novruz bayramı ilə bağlı şənliklərin keçirilməsi ilə əlaqədar Neftçilər prospektində hərəkətin sıxlığından asılı olaraq Bakı-Salyan yolunun 14-cü km-dən, Bayıl dairəsindən və “20-ci sahə” dairəsindən avtomobillərin istiqaməti dəyişdirilə bilər.
Bölmə rəisi xəbərdarlıq edib ki, gücləndirilmiş iş rejimində çalışacaq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən paytaxt ərazisində avtomobillərin dayanma, durma, parklanmanı qadağan edən nişanların təsir zonasında saxlanılmasına qarşı tədbirlər bayram günlərində də davam etdiriləcək: “Ailə büdcəsinə qənaət etməyi tövsiyə edirik. Əks halda kimliyindən asılı olmayaraq, xəbərdarlıq edilmədən avtomobillərini həm yol nişanlarının təsir zonasında saxlayanlara, həm də ümumiyyətlə yol hərəkəti qaydalarını pozanlara qarşı sərt tədbirlər görüləcək”.
Bundan əlavə, bölmə rəisi bayram günlərini bölgələrdə keçirmək istəyənlərin diqqətinə çatdırıb ki, hərəkətdə olarkən diqqətli olsunlar, unutmasınlar ki, yol boyu nəzarət-müşahidə kameraları vasitəsilə avtomatik olaraq qanun pozuntuları qeydə alınır: “Xüsusilə onlara gecənin qaranlıq vaxtları, yorğun, xəstə vəziyyətdə yola çıxmamağı, yol qəza hadisələrinin baş verməməsi üçün ötmə əməliyyatlarını apararkən diqqətli olmalarını tövsiyə edirik”.
Trend.az