Bakı Metropoliteni 5 rəngli loqonu seçdi
“Bakı Metropoliteni” QSC yeni loqosunu ictimaiyyətə təqdim etdi.
Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, QSC-də artıq 2 aydır sənədləşmələrdə yeni loqodan istifadə edilir. Sadəcə qərara alınıb ki, yeni loqo ictimaiyyətə bu gün təqdim edilsin: “Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə fevral ayında Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. “Bakı Metropoliteni” QSC-nin yeni əsasnaməsi və nizamnaməsi qəbul olunub. Ona görə də metronun loqosunu da dəyişmək istədik. İdeya da bu oldu ki, Bakı Metropolitenindəki beş hərəkət xəttinin rənglərindən ibarət, yəni sarı, mavi, bənövşəyi, qırmızı və yaşıl rəngli, “M” hərfi formasında bir loqo olsun. Artıq bütün sənədləşmələrdə yeni loqodan istifadə olunur”.
N.Paşayev qeyd edib ki, sənədlərdəki dəyişikliklərlə yanaşı, gələcəkdə metronun giriş-çıxışlarında 5 rəngli lampalarla işıqlandırılmış loqoların quraşdırılması da planlaşdırılır.
Trend/az