Bakı Şəhər İcra Hakimiyyəti: Metronun “Neftçilər” stansiyasında obyekti sökülən ticarətçilərin ödədiyi icarə haqları və vergi ödənişləri qaytarıla bilər
Bakı Şəhər İcra Hakimiyyəti metronun “Neftçilər” stansiyasında obyekti sökülən ticarətçilərin ödədiyi icarə haqları və vergi ödənişlərinin qaytarılmasına kömək edə bilər.
Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev deyib.
O bildirib ki, BŞİH-in heç bir strukturu metroda çalışanlardan pul almayıb və bu, onlara aid məsələ deyil: “Ancaq vergi və icarə haqqının qaytarılmasını tələb edənlərin pulu qaytarılmırsa, həmin şəxslər BŞİH-ə müraciət edə bilərlər və qurum onlara kömək göstərə bilər”.
R.Hacıyev onu da bildirib ki, hazırda obyekti sökülən şəxslər alternativ ərazilərdə yerləşdirilir: “Təxminən 100-dən çox ticarətçi müraciət edib. Həmin şəxslər əsasən “Şərq” bazarı, “Amay” və “Günəşli” bazarlarında yerləşdirilirlər. Çünki hamımıza bəllidir ki, bu gün metroda satılan mallar ucuz mallardır və ticarətçilər mallarını icarə haqqı yüksək olan yerlərdə sata bilməzlər. Ona görə də biz onlara münasib yerlər təklif edirik”.
Qeyd edək ki, bu gün metronun “Neftçilər” stansiyasında obyektləri sökülən ticarətçilər “Bakı Metropoliteni” QSC-nin binası qarşısında aksiyaya cəhd ediblər. Aksiya iştirakçıları ödədikləri icarə haqlarının və vergi ödənişlərinin qaytarılmasını tələb ediblər. Lakin metropoliten rəhbərliyi ticarətçilərə bununla bağlı BŞİH-ə müraciət etməyi məsləhət görüb.
Apa.az