Bakı Şəhər İcra Hakimiyyəti ilə Rio de Janeyro şəhəri arasında Əməkdaşlıq Protokolu imzalanıb
Braziliyanın Rio de Janeyro şəhərində Bakı Şəhər İcra Hakimiyyəti ilə Rio de Janeyro şəhəri arasında Əməkdaşlıq Protokolu imzalanıb.
Sənədi Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov və Rio de Janeyro Şəhər Meriyasının beynəlxalq əlaqələr departamentinin rəisi Laudemar Agiyar imzalayıblar.
Səfirlikdən AzərTAc-a bildiriblər ki, protokol iki şəhər arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutur.
İmzalanma mərasimində E.Sultanov Azərbaycan ilə Braziliya arasında əlaqələrin müxtəlif səviyyələrdə uğurla inkişaf etdiyini bildirib. O, imzalanmış sənədin əhəmiyyətini vurğulayaraq, onun iki şəhər arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əmin olduğunu söyləyib.
Diplomat həmsöhbətinə Bakının zəngin tarixi və mədəniyyəti, müasir inkişafı, habelə şəhərin ev sahibliyi edəcəyi mötəbər beynəlxalq tədbirlər, o cümlədən birinci Avropa Oyunları barədə məlumat verib.
L.Agiyar imzalanmış sənədin əhəmiyyəti ilə bağlı səfir E.Sultanovun fikirlərinə şərik çıxdığını bildirib. O, Bakının sürətli inkişafının Rio de Janeyro Şəhər Meriyasında maraq doğurduğunu bildirib. Bakı və Rio de Janeyro şəhərləri arasında xüsusilə irimiqyaslı beynəlxalq tədbirlərin təşkilində təcrübə mübadiləsinin faydalı olacağı qeyd edilib.
L.Agiyar Rio de Janeyro şəhərinin tarixi, müasirliyi və burada keçiriləcək 2016-cı il Yay Olimpiya Oyunları haqqında danışıb. O, bu il Rio de Janeyronun 450 illiyinin qeyd edildiyini söyləyib.
Görüşdə Bakı və Rio de Janeyro arasında ikitərəfli əməkdaşlığın konkret perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Sonda səfir E.Sultanov L.Agiyara Bakı şəhərinin tarixini və müasirliyini əks etdirən kitablar və birinci Avropa Oyunlarına həsr olunmuş poçt markalarının ilk buraxılışını təqdim edib.
L.Agiyar isə səfirə Rio de Janeyro şəhərinə həsr olunmuş nəşrlər hədiyyə edib.
AzərTac.az