Baş nazirin müavini Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsindən daha çox qaçqın və məcburi köçkünlərimiz əziyyət çəkir
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyulun 2-də İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz ilə görüşmüşdür.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzərTAc-a verilən məlumata görə, Azərbaycan ilə İsrail arasında bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğu vurğulanan görüşdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində doğma yurdlarından didərgin salınmış soydaşlarımızın real durumu, onların problemlərinin həlli istiqamətində Prezident İlham Əliyevin imzaladığı sərəncamlara və verdiyi tapşırıqlara uyğun olaraq görülmüş işlərdən söhbət açılmışdır.
Münaqişənin Ermənistanın qeyri-konstruktiv mövqe tutmasına görə hələ də həllini tapmamasından, problemin həlli ilə məşğul olan qurumların və dövlətlərin fəaliyyətsizliyi, ikili mövqedən yanaşma nəticəsində ədalətsizliyin baş alıb getməsindən, bütün bunlardan isə daha çox qaçqın və məcburi köçkünlərin əziyyət çəkməsindən təəssüfləndiyini bildirən Baş nazirin müavini diqqətə çatdırmışdır ki, bunlara baxmayaraq, Azərbaycan Prezidenti, Azərbaycan xalqı münaqişənin dinc yolla, beynəlxalq hüququn normaları çərçivəsində həllinə tərəfdardır.
Münaqişənin həlli yolları ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılan görüşdə ATƏT-in Minsk qrupunun fəaliyyətində ötən müddət ərzində heç bir irəliləyiş əldə olunmamasından, işğalçı Ermənistana lazımi təzyiq göstərilməməsindən, bir milyondan çox qaçqın və məcburi köçkünün iyirmi ildən artıqdır ki, tapdanmış hüquqlarının bərpasına laqeyd münasibətdən narahatlıq ifadə olunaraq bildirilmişdir ki, İsrail Azərbaycanın haqlı mövqeyini beynəlxalq aləmdə daim dəstəkləməklə münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olmuş və bu gün də həmin mövqedən çıxış edir.
Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirən israilli səfir bütün bunların şahidi olduğunu və ona Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin müşayiəti ilə Dərnəgül tələbə şəhərciyindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 2 saylı yataqxanasında və Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış hündürmərtəbəli yaşayış binaları kompleksi, burada yaradılan şəraitlə, real vəziyyətlə yerində tanış olmaq üçün həmin ərazilərdə məskunlaşan məcburi köçkünlərlə görüşünə şərait yaradıldığına görə minnətdarlığını bildirmiş, bu cür görüşlərin vaxtaşırı keçirilməsinin vacibliyini vurğulamışdır. Keçirdiyi görüşlərdə xüsusilə Azərbaycan qadınının dəyanətinin, dözümlülüyünün, sabaha inamının bir daha şahidi olduğunu bildirən səfir yaxın aylarda digər ərazilərdə məskunlaşan məcburi köçkünlərlə də belə görüşlərin keçirilməsinə şərait yaradılmasını xahiş etmişdir.
Baş nazirin müavini Əli Həsənov ölkəmizdəki məcburi köçkünlərin həyat tərzi ilə yaxından maraqlandığına görə diplomata təşəkkürünü bildirmiş, bu cür görüşlərin həqiqətən mühüm önəm daşıdığını vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.
AzərTac.az