«Azəriqaz» əhaliyə verilən qazın həcmini artırıb
Ölkədə havaların kəskin soyuması ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyi təbii qazın əhaliyə verilən həcmini artırıb. Bu barədə «APA-Economics»ə qurumun mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib.
Onun sözlərinə görə, martın 29-dan 30-na keçən gün ərzində əhaliyə verilən təbii qazın sərfiyyat həcmi 4 mln. kubmetr artırılıb: «Belə ki, martın 29-da bu rəqəm 16,9 mln. kubmetr idisə, martın 30-da havaların kəskin soyuması ilə əlaqədar bu rəqəm 20,9 mln. kubmetrə çatdırılıb».
A.Ağayev deyib ki, əhalinin təbii qazla təchizatında heç bir problem yaranmayıb: «Havalar bundan sonra da soyuyacaqsa, tələbata uyğun olaraq əhaliyə verilən təbii qazın sərfiyyatını daha da artıra bilərik. Havaların istiləşəcəyi halda, əhalinin təbii qazla təminatı müvafiq tələbata uyğun olaraq tənzimlənəcək».
Apa.az