Azərbaycanın və Litva DİN-ləri əməkdaşlığın inkişafında maraqlıdırlar

Posted by

Azərbaycanın və Litva DİN-ləri əməkdaşlığın inkişafında maraqlıdırlar

Azərbaycanın və Litva DİN-ləri əməkdaşlığın inkişafında maraqlıdırlar

Azərbaycanın və Litva DİN-ləri əməkdaşlığın inkişafında maraqlıdırlar

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 14-də Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının daxili işlər naziri Dailis Alfonsas Barakauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, R.Usubov müstəqilliyin ilk illərində respublikamızın üzləşdiyi çətinliklər, Ermənistanın təcavüzkarlıq siyasəti, torpaqlarımızın işğalı barədə məlumat vermiş, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində həyata keçirilən qətiyyətli tədbirlərdən və bunların nəticəsində Azərbaycanda sabitliyin, əmin-amanlığın bərpa edilməsindən, kriminogen durumun nəzarətə götürülməsindən danışıb.

Müstəqillik illərində demokratikləşmə prosesinin digər dövlət qurumları kimi DİN-dən də yan keçmədiyini nəzərə çatdıran nazir ötən əsrin 90-cı illərinin sonlarında Avropa dəyərlərinə uyğun, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunların qəbul edildiyini, bu qanunların işlənib-hazırlanmasında bir sıra inkişaf etmiş Qərb dövlətlərinin, mötəbər beynəlxalq qurumların ekspertlərinin böyük rolu olduğunu qeyd edib.

Nazir uzun illərdir ki, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ölkəmizin MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutduğunu bildirib, cinayətkarlıqla mübarizədə qazanılmış uğurların, sabitliyin dönməzliyinin təmin edilməsinin nəinki ölkə vətəndaşlarının, eləcə də əcnəbilərin təhlükəsiz şəraitdə yaşayıb işləmələrinə, iqtisadiyyatımıza külli miqdarda xarici sərmayə yatırılmasına imkan yaratdığını vurğulayıb.

İki dövlətin daxili işlər orqanları arasında əlaqələrin əsasən Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini nəzərə çatdıran nazir birbaşa münasibətlərin qurulması məqsədilə normativ-hüquqi baza yaradılmasında və əməkdaşlığın inkişaf etdirilməsində rəhbərlik etdiyi qurumun maraqlı olduğunu deyib.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluğun, narkotiklərin qanunsuz dövriyyəsinin, insan alveri və qeyri-qanuni miqrasiyanın diqqət mərkəzində dayandığı, onrlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü vurğulanıb.

Litvanın daxili işlər naziri D.Alfonsas Barakauskas isə ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb, Litva Respublikasının daxili işlər orqanlarının funksiyası və fəaliyyət istiqamətlərindən söz açıb, bu səfərin Azərbaycanın müvafiq qurumları ilə əlaqələrinin inkişafına təkan verəcəyinə əmin olduğunu bildirib.

Görüşdə Litva Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Şarune Kubiliute də iştirak edib.

 

Trend.az