Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Səfirlikdən APA-ya verilən məlumata görə, diplomatik nümayəndəliyin foyesində 20 Yanvar hadisələrini əks etdirən şəkillərdən ibarət fotostend qurulub, Azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanmış press-relizlər paylanıb.
Tədbirdə Tacikistan Ali Məclisinin deputatları, Tacikistanın dövlət və hökumət nümayəndələri, elm-mədəniyyət xadimləri və ali təhsil müəssisələrinin rəhbərləri, Tacikistanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, yerli diaspora və KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində 20 Yanvar hadisələri ilə bağlı “Lider” TV-nin hazırladığı sənədli film nümayiş etdirilib, 20 Yanvar hadisələrində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Abbasəli Həsənov tədbirə qatıldıqlarına görə iştirakçılara təşəkkürünü bildirib, 20 Yanvar hadisələrinin təfərrüatları barəsində toplantı iştirakçılarına ətraflı məlumat verib: “Bu cinayət azadlığa, müstəqilliyə can atan, öz torpaqlarını erməni qəsbkarlarından müdafiəyə qalxmış Azərbaycanın və onun məğrur xalqının inamını qırmağa, öz torpaqlarını müdafiəsinə mane olmağa, bununla da Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməyə şərait yaratmağa yönəlib”.
Uzun müddət Tacikistanda yaşayan iş adamı Z.Alıgülov 20 Yanvarda sovet hökumətinin öz xalqına qarşı terror aktı həyata keçirdiyini bildirib: “Təəssüf ki, bu qanlı hadisələrin günahkarları müəyyən edilməyib. Mən bir Azərbaycan vətəndaşı kimi həmin günahkarların cinayətə cəlb olunmasını istəyirəm”.
Daha sonra hadisələrin şahidi olmuş, Tacikistanda çalışan Azərbaycan vətəndaşı Ə.İsmayılov o zaman 16 yaşının olmasına baxmayaraq, sanitar kimi işlədiyini və hadisə qurbanlarına yardım göstərdiyi barədə danışıb: “16 yaşlı bir gənc üçün dəhşətli hadisələrin şahidi olmaq və günahsız insan qanı görmək heç vaxt unudula bilməyəcək təəssüratlardır”.
Tədbir barədə Tacikistanın “Cahonnome” televiziya kanalı tərəfindən reportaj hazırlanıb.
Apa/az