Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmuş vətəndaşlara və şəhid ailələrinə yeni mənzillər verilib
Avqustun 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Goranboy rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, mənzillərin təqdim olunması mərasimində iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni mənzillərlə təmin olunan əlil və şəhid ailələrini bu münasibətlə təbrik edərək onlara xoş arzularını çatdırıb.
Nazir qeyd edib ki, 2003-cü ildən etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər bir vətəndaşın sosial firavanlığının təminatı istiqamətində həyata keçirdiyi uğurlu siyasət sosial cəhətdən həssas əhali qruplarına, o cümlədən müharibə əlillərinə və şəhid ailələrinə də dövlət qayğısının mütəmadi olaraq artmasına səbəb olub:
“Təkcə bu ilin ötən dövründə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50 faizədək, Böyük Vətən müharibəsi iştirakçıları üçün 82 faizədək, müharibə veteranlarına aylıq sosial müavinətin məbləği 22 faizədək artırılıb. Ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi, peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlillərə aylıq sosial müavinətdən əlavə, Prezidentin aylıq təqaüdü də təyin olunub”.
Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, 2014-cü ilədək tibbi göstəriş əsasında xüsusi avtonəqliyyatla təmin olunmaq üçün növbəyə dayanmış əlilliyi olan şəxslərin son 5 ayda minik avtomobilləri ilə tam təminatının başa çatdırıldığını bildirən S.Müslümov müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı sahəsində görülən işləri də diqqətə çatdırıb:
“Hazırda verilən mənzillər də daxil olmaqla bu il artıq 172 mənzil təqdim olunub. Cari ilin sonuna kimi Tərtər, Beyləqan və İmişli rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış evlərini, yəni ümumilikdə 198 mənzili də istifadəyə verməyi planlaşdırırıq. Bununla yanaşı, cənab Prezidentin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən, 2014-cü ilin 1 yanvarınadək mənzil növbəsinə götürülmüş əlil və şəhid ailələrinin 2014-2018-ci illərdə mərhələli şəkildə mənzillərlə, o cümlədən kənd rayonlarında fərdi evlərlə təmin olunması nəzərdə tutulur”.
S.Müslümov bildirib ki, nazirliyin bütün sahələri üzrə fəaliyyətində olduğu kimi, bu sahədə də şəffaflığın təminatı daim diqqətdə saxlanılır və istər avtomobillərin, istərsə də mənzillərin verilməsi işləri nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az ) ictimaiyyətə açıqlanan növbəlilik siyahısı əsasında aparılır.
Yeni mənzillə təmin olunan müharibə əlilləri və şəhid ailələri daim möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduqlarını bildirərək, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar bu yeni mənzillərdə böyüyəcək övladlarını Vətənimizə və dövlətçiliyimizə sədaqət ruhunda, xalqımıza layiq insanlar kimi yetişdirəcəklərini vurğulayıblar.
Trend.az