Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu şərəfli yol keçmişdir
Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu qazanmasının 90 illik yubileyi tamam olur. Bu münasibətlə AzərTAc AMEA Naxçıvan bölməsinin sədri, Milli Məclisin deputatı akademik İsmayıl Hacıyevin məqaləsini təqdim edir.
Ulu öndər Heydər ƏLİYEV: Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq.
Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik olan muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır…”
Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm, əhəmiyyətli hadisəsidir. Bunu nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında 2014-cü ili Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan etmişdir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, çətin və kəşməkəşli tarixi inkişaf yolu keçmişdir. Vaxtı ilə coğrafi cəhətdən ölkəmizin mərkəzi ərazilərindən olan Naxçıvan XX əsrin əvvəllərində Azərbaycandan ayrı düşmüş, onunla sərhədi ərazi itirməsi hesabına ləğv olunmuşdur. İri kapitalist dövlətlərinin, xüsusilə bolşevik Rusiyasının məqsədi Naxçıvanı Ermənistana vermək, bununla türk dünyasının bir-biri ilə əlaqəsini kəsmək idi. Erməni daşnakları isə yaranmış şəraitdən istifadə edərək Azərbaycanın bir sıra torpaqlarını “böyük Ermənistan”a qatmaq siyasəti aparmışlar. Onların bu niyyətlərində Naxçıvanın zəbt edilməsi ilk planda dururdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ingilislərin və amerikanların dəstək və yardımlarından istifadə edən erməni millətçiləri Naxçıvanı işğal etməyə çalışmışlar. Lakin qəhrəman naxçıvanlıların mərdlik və igidliklə apardıqları mübarizə məkrli düşmənlərin niyyətlərinin reallaşmasına imkan verməmişdir. Naxçıvanın qəhrəman əhalisi bu diyarı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab etmiş, Ana Vətənə birləşmək uğrunda inadla mübarizə aparmışdır.
Naxçıvanlıların qəhrəmanlığından bəhs edən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli Azərbaycan parlamentindəki çıxışında demişdir: “İgid naxçıvanlılar, şərurlular… bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar”.
Ermənistanın Naxçıvana olan iddialarının artdığı bir dövrdə – 1918-ci il iyulun 7-də Kazım Qarabəkir Paşanın başçılığı ilə türk ordusu Naxçıvana gəldi və erməni özbaşınalığının qarşısını aldı. Lakin Birinci Dünya müharibəsində məğlub olduğuna və Mudros müqaviləsinin şərtlərinə görə, türk qoşunları Azərbaycanı, eləcə də Naxçıvanı tərk etməli oldu. Bu zaman naxçıvanlılar qarşısında çıxış edən Kazım Qarabəkir Paşa bildirdi ki, “Naxçıvanın gələcək müqəddəratını təmin etmək üçün burada bir hökumət qurulması vacib və zəruridir. Zatən siz naxçıvanlılar milli azadlıq mübarizəsində tarixə şanlı səhifələr yazmışsınız. Dövlətçilik hüququna və ləyaqətinə maliksiniz. Siz bu hüququ, haqqı döyüş meydanlarında düşmənə qələbə çalaraq qazanmışsınız. Şərqin qapısında, Naxçıvanda bir cümhuriyyət qurulmalıdır”.
Naxçıvanlılar bu diyarı erməni işğalından qorumaq üçün 1918-ci il noyabrın 3-də Araz-Türk Respublikası adlı cümhuriyyət yaratdılar. Araz-Türk Respublikası hökumətinin tərkibi sədrdən və 6 üzvdən ibarət idi. Hökumətin sədri Əmir bəy Əkbərzadə olan bu respublikanın ərazisinə Naxçıvan qəzası, Ordubad dairəsi, Sürməli qəzası, Üçmüəzzin qəzasının bir hissəsi, Sərdarabad, İrəvan qəzasının bir hissəsi – Uluxanlı, Qəmərli, Vedi, Şərur-Dərələyəz qəzası, Mehri bölgəsi daxil idi. Sahəsi 8696 kvadratkilometrə çatırdı. Əhalisi bir milyon nəfərdən artıq idi.
Araz-Türk Respublikasının yaradılmasında başlıca məqsəd bölgənin erməni işğal altına düşməsinə imkan verməmək idi. Hökumətin rəhbərliyi bu istiqamətdə fəal iş aparırdı. Araz-Türk Respublikasının hərbi qüvvələrinin yaradılması və formalaşdırılmasında hərbi nazir İbrahim bəy Cahangiroğlunun böyük əməyi olmuşdu. Onun köməyi ilə qısa müddətdə silahlı qüvvələr təşkil edilmiş, 500 nəfərlik süvari alayı yaradılmışdı. Könüllü xalq dəstələri təxminən 20 tabordan ibarət idi. Taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə Zəngibasar, Vedibasar və Qəmərlidə yerləşdirilmişdi.
Baş Noraşen, Düdəngə və Zeyvədə yerləşən taborlara Fətulla Hüseynov, Şərurda, Sədərəkdə yerləşən taborlara Həsən Şahverdi oğlu, Ordubaddakı tabora İbrahimxəlil Axundov, Nehrəm taboruna Kəlbə Muxtar, Cəhri taboruna Kəlbə Kərim, Dizə taboruna Məmmədrza bəy, şəhər taboruna Hüseyn Əliyev komandanlıq edirdi. Respublika əhalisinin öz müstəqilliyini qorumaq əzmi o qədər böyük idi ki, doğma ocaq və torpaqlarını müdafiə edən könüllü dəstələr işğalçıları təkcə darmadağın etmir, eyni zamanda İrəvanın özünü qorxuya salırdı.
Respublika ərazisində milis idarələri və onların sahə şöbələri də yaradılmışdı. Bütün qüvvələr Naxçıvanın qorunmasına və idarə olunmasına yönəlmişdi. Könüllü müqavimət dəstələri erməni daşnaklarına layiqli cavab vermişdi. Xüsusilə Şərur-Dərələyəz mahalındakı Zeyvə kəndi yaxınlığında baş verən döyüşdə Kalbalı xanın rəhbərliyi ilə 6 min nəfərlik könüllü müqavimət dəstələri erməni hərbi qüvvələrini darmadağın etmişdilər.
Aralarındakı müəyyən fikir ayrılıqlarına baxmayaraq, Naxçıvanın müdafiəsində Cəfərqulu xan, Kalbalı xan, Kərim xan, Rəhim xan, Kamran xan və yerli ziyalılar çox böyük xidmətlər göstərmişlər. Kalbalı xan respublika silahlı dəstələrinə komandanlıq edir, erməni hücumlarının qarşısını alırdı.
1919-cu ilin yanvarında ingilislər Naxçıvana gəldilər və burada general-qubernatorluq yaratdılar. Bir aydan sonra Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri də Naxçıvana gəlib çıxdılar. Keçirilən müzakirələrdə siyasi, hərbi, iqtisadi, maddi və mədəni məsələləri özündə birləşdirən akt tərtib edildi. Bu akt Naxçıvanın könüllü surətdə AXC-yə birləşməsi haqqında idi.
Naxçıvan əhalisi diyarın ingilislər tərəfindən Ermənistana verilməsinə qarşı mübarizəyə qalxdı. Bununla əlaqədar Naxçıvan Müsəlman Milli Şurasının üzvləri ingilis general-qubernatoruna məktub göndərərək öz qəti etirazlarını bildirdilər. Məktubda Araz-Türk Respublikası əhalisinin “bütün dünyanın və bütün mədəni qüvvələrin azad həyat, xalqların öz müqəddəratını həll etmək hüququ haqqında qışqırdıqları bir vaxtda azərbaycanlılar bizdən heç bir cəhətdən üstün olmayan, əksinə, bir çox hallarda bizdən geri qalan ermənilərin qulu ola bilməzlər” fikrinə gəlməsi faktı və səbəbləri öz əksini tapmışdır.
Naxçıvandakı ingilis missiyası ermənilərin respublika hüdudlarına hücumuna mane olmurdu və onların fəaliyyətində ikili siyasət özünü açıq-aşkar göstərirdi. İngilislər bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu tanıyır, maliyyə və silah vəd edir, digər tərəfdən isə diyarın daşnak Ermənistanın hakimiyyətinə verilməsi təklifi ilə çıxış edirdilər. Naxçıvan əhalisi bu siyasətə qarşı inadla mübarizə aparırdı.
Naxçıvan Milli Şurasının sədri Azərbaycan Respublikası xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi məktubda yazırdı. Biz özümüzü Azərbaycanın ayrılmaz hissəsi hesab edirik və əminik ki, hər hansı səbəbdən hərbi qüvvə ilə kömək edə bilməsə də, heç olmasa top, tüfəng və patronla Azərbaycan bizə kömək edəcəkdir. Hətta Azərbaycan bundan da imtina etsə, biz bu yolda canımızdan keçəsi olsaq belə, müqəddəs vədimizi yerinə yetirəcəyik.
İngilis nümayəndələri Naxçıvanı erməni “idarəçiliyinə” vermək üçün çox canfəşanlıq göstərirdi. Müsəlman Milli Şurası və Naxçıvan əhalisi buna qəti etiraz edirdilər. Əhalinin bir müraciətində deyilirdi: “Ermənilərə tabe olmaqla biz təkcə özümüzü yox, həm də ömrü boyu bizə lənətlər oxuyacaq nəslimizi alçaltmağa və təhqirə məruz qoyuruq və buna görə də əlahəzrət general Devinin bizim Naxçıvan, Şərur və Vedibasar rayonlarımızın müvəqqəti də olsa, erməni hökumətinin idarəsinə verməsinə biz Allah tərəfindən bütün diyarın əhalisinə bəxş edilmiş azadlıq, arzu və meyillər üzərində zorakılıq faktı kimi baxırıq”.
İngilis komandanlığının və Ermənistan hökumətinin qərarlarına tabe olmayan naxçıvanlılar erməni işğalçılarına qarşı silahlı mübarizə aparırdılar. Respublikada süvari dəstələrindən, top və pulemyotları olan 6 min əsgərdən ibarət yarınizami qoşun yaradılmışdı. Hərbi əməliyyatlar zamanı onların sayı təxminən on min əsgərə və silahlı könüllülərə çatdırıldı.
Erməni qoşunları dəfələrlə Naxçıvana hücum etmiş və layiqli cavablarını almışdılar. Naxçıvanın şəhər və kəndlərinə hücumlarda təkcə düşmənin nizami qoşunları deyil, erməni əhalisi də iştirak edirdi. Ermənilər general-qubernatorluq elan etsələr də, nə ingilis nümayəndələri, nə də general-qubernator şəhərdə yerləşə bilməmiş, şəhərdən 3 kilometr uzaqdakı hərbi kazarmaya yığışmışdılar. Kalbalı xanın başçılığı ilə xalq qoşunu daşnak qüvvələrini darmadağın edib Naxçıvandan və onun ətraflarından qovdular.
Bu zaman ermənilər bir neçə min adam, iki top, səkkiz pulemyot və bir zirehli qatar itirdilər. 800 erməni əsgəri və 8 zabiti əsir alındı. Bundan istifadə edən respublika hökuməti öz nümayəndəsi Səməd bəy Cəmillinskini müvəqqəti general-qubernator təyin etdi, diyarı idarə etmək üçün zəruri olan dövlət idarələri yaradıldı. S.Cəmillinskinin əmri ilə Xəlil bəy diyar qoşunlarının baş komandanı, Kalbalı xan isə onun köməkçisi (eyni zamanda Naxçıvan qoşun dəstəsinin komandiri) təyin olundu.
1919-cu ilin yayında Naxçıvanda olan amerikalı polkovnik Rey Naxçıvan Milli Şurasının sədri Cəfərqulu xanla danışıqlar apardı. Polkovnik V.Haskel Naxçıvan, Şərur və Dərələyəz qəzalarında xüsusi zona və bu ərazidə Amerika general-qubernatorluğu yaratmaq istəyirdi. Bununla əlaqədar V.Haskel öz layihəsini N.Yusifbəyliyə təqdim etdi. Bu xəbəri Cənub-Qərbi Azərbaycan müsəlmanlarının ümumi iclasının sədri Əli Səbri Qasımov, yerlilər cəmiyyətinin sədri Z.Məmmədov və nümayəndə heyətinin üzvü A.Nəcəfov hazırladıqları 10 maddəlik tələbnaməni N.Yusifbəyliyə təqdim etdilər. Bu tələblərin əsasında Naxçıvanı Azərbaycanın tərkibində saxlamaq fikri dayanırdı.
1919-cu il sentyabrın əvvəllərində Naxçıvan nümayəndələri Ə.S.Qasımov və K.M.Əsgərov polkovnik V.Haskelə 10 bəndlik memorandum təqdim etdilər. Görüş zamanı V.Haskel Ə.S.Qasımovdan soruşdu ki, Naxçıvanın və digər regionların əhalisi bu ərazilərin erməni hökumətinə verilməsinə necə baxar? Əli Səbri Qasımov bildirdi ki, əldə silah ləyaqətli ölümü üstün tutaraq bu hökuməti bütün qüvvələri ilə rədd edərlər.
Naxçıvan əhalisi polkovnik Reyə bildirdi ki, onlar azərbaycanlı general-qubernatordan başqa heç kimi tanımaq istəmirlər. Əhalisi Azərbaycan türkləri olan Naxçıvan, Şərur, Dərələyəz rayonları, Vedibasar və Milistan Azərbaycanın ayrılmaz hissəsidir.
Delli və Reyin missiyası süquta uğradı, amerikanların Naxçıvanda möhkəmlənmək cəhdi baş tutmadı.
1920-ci ilin martında türk hərbi dəstələri Naxçıvana gəldilər. Kalbalı xan Türkiyənin yüksək hərbi ordeni ilə təltif edildi. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi idarəsi isə daşnaklarla döyüşlərdə göstərdiyi igidliyə görə ona general-mayor rütbəsi verdi.
1920-ci ilin aprelində Azərbaycan XI Qırmızı Ordu tərəfindən işğal olundu, Azərbaycan Xalq Cümhuriyyəti devrildi və Azərbaycanda Sovet hakimiyyəti bərqərar edildi. Naxçıvanda Sovet hakimiyyəti iyulun 28-də elan edildi və Hərbi İnqilab Komitəsi yaradıldı. Bir neçə gündən sonra – avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri M.Bektaşov Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri N.Nərimanova belə bir məktubla müraciət etdi: “Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir”.
Çox qəribədir ki, Naxçıvanda olan bolşevik ordusu həm Ermənistanla müharibə aparır, həm də onlarla siyasi və diplomatik danışıqları davam etdirirdi. Bu danışıqlarda Azərbaycanın hətta mübahisəsiz torpaqlarının Ermənistana verilməsi məsələsi müzakirə olunurdu. Bundan xəbər tutan N.Nərimanov Leninə göndərdiyi məktubda yazırdı: “Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstanın və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda həmin mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir…”
Naxçıvanın azərbaycanlı əhalisinin qətiyyətli mövqeyi və mübarizəsi ermənilərin Naxçıvanla bağlı planlarını pozdu. Bu işdə iri dövlətlər də onlara kömək göstərə bilmədilər. Məkrli niyyətlərini hələlik pərdələyən ermənilər və Ermənistan İnqilab Komitəsi 1920-ci il dekabrın 28-də Naxçıvanı müstəqil (Azərbaycanın tərkibində yox – İ.H.) sovet respublikası kimi tanımış və bu diyar ilə əlaqədar iddialarından imtina etmişdilər.
Beləliklə, bölgə əhalisi 1918-1920-ci illərdə misilsiz çətinliklərə, təqiblərə, müsibətlərə sinə gərərək milli ləyaqəti uca tutdular, diz çökmədilər, erməni silahlı quldur dəstələrinə layiqli cavab verdilər. Bu məsələdən danışan Ermənistanın birinci baş naziri O.Kaçaznuni 1923-cü ildə etiraf edirdi ki, “Müsəlman Naxçıvanı və Şərurunda,… müsəlman rayonlarında inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın törətməyə məcbur olduq. Vedibasar, Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi hətta silah gücünə qura bilmədik, məğlub olduq və geri çəkildik”.
Naxçıvan diyarının əhalisi özlərini Azərbaycandan ayrı təsəvvür etmirdilər. Onlar hələ o vaxt öz qəti fikirlərini belə ifadə etmişdilər: “Bu xalq mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, amma Azərbaycandan ayrılmaz”.
1921-ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin keçirdikləri rəy sorğusunda Naxçıvanın 90 faiz əhalisi mahalın muxtar respublika hüququnda Azərbaycanın tərkibində qalmasına səs verdi.
Naxçıvanın Azərbaycanın tərkibində qalmasında B.Şahtaxtinskinin də böyük əməyi və tarixi xidməti olmuşdur. O, 1921-ci il martın 1-də Leninə göndərdiyi məktubda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan rahatsızlığı çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Güney Qafqazda sərhəd məsələləri və xüsusilə də Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi. Bu zaman Türkiyə nümayəndələrinin Rusiya ilə apardığı danışıqlarda Naxçıvan məsələsinə də önəm verilirdi.
Beləliklə, referendumun nəticəsi, B.Şahtaxtinskinin təklifi, Türkiyə tərəfinin tələbi ilə Naxçıvan üzərində Azərbaycanın suverenliyinin təmin edilməsi və nəhayət, Naxçıvan əhalisinin illər boyu apardığı inadlı mübarizə Naxçıvanın Azərbaycanın tərkibində qalması ilə nəticələndi. 1921-ci il martın 16-da Siyasi Büro Azərbaycanın himayəsində Naxçıvan Sovet Respublikasının təşkili barədə qərar qəbul etdi və həmin gün imzalanan Moskva müqaviləsinin 3-cü maddəsində də bu cəhət öz əksini tapdı: “Naxçıvan vilayəti bu müqavilənin I (B) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında, həmin protektoratı Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir”.
Güney Qafqaz respublikaları ilə Türkiyə arasında imzalanan Qars müqaviləsi (1921, 13 oktyabr) Naxçıvanın ərazi mənsubiyyəti məsələsini bir daha təsdiqlədi və onun sərhədlərini qəti surətdə müəyyənləşdirdi. Beləliklə, 1917-ci ildən mübarizə aparan naxçıvanlıların arzuları gerçəkləşdi, bölgənin ərazi mənsubiyyəti məsələsi Azərbaycan üçün qanuni və ədalətli qaydada həll olundu.
1921-ci ildən 1924-cü ilədək, yəni muxtariyyət statusundan muxtar respublikanın təşkilinə kimi çoxsaylı müzakirələr getmişdi. Bu müzakirələrdə bir məsələ aydın idi ki, Azərbaycanın daxilində Naxçıvanın muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi vəziyyəti – geosiyasi şəraiti ilə bağlı idi. Naxçıvanın Azərbaycandan aralı düşməsi, heç bir sərhədə malik olmaması onun inzibati idarəçiliyini qəza və ya rayon hüquqlarında təşkil etməyə imkan vermirdi. 1923-cü il iyunun 16-da Naxçıvan muxtar diyar (ölkə) adlandırıldı. 1924-cü il yanvarın 4-də Zaqafqaziya MİK onu Naxçıvan MSSR elan etdi. 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında dekret qəbul etdi.
Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə və 1926-cı il aprelin 18-də qəbul olunmuş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının birinci Konstitusiyası ilə təsbit edildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası sonrakı konstitusiyalarında da Naxçıvan Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində muxtar respublika kimi göstərilmişdir.
Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının mühüm rolu oldu. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasında Naxçıvan muxtar dövlət kimi ifadə olunmuş və onun Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublika olduğu təsbit edilmişdir.
Müxtəlif dövrlərdə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının ildönümləri dövlət səviyyəsində qeyd olunmuş, 1949-cu ildə muxtar respublikanın 25, 1964-cü ildə 40, 1974-cü ildə 50 illik yubileyləri keçirilmişdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin 1999-cu il 4 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi qeyd edilmişdir. Yubiley tədbirlərində iştirak edən və təntənəli yubiley iclasında nitq söyləyən ümummilli lider Heydər Əliyev demişdir: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Ulu öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması, muxtar respublikanın yubileylərinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 80 illik, 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə 85 illik yubileylərinin ölkəmizdə geniş qeyd olunması bunun bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 yanvar tarixli Sərəncamında qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir.
Naxçıvan Muxtar Respublikasının 85 illik yubiley tədbirlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvanın muxtariyyət statusunun ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyətə malik olduğunu bildirərək demişdir: “Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu status imkan verirdi ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvan xalqımızın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilsin”.
Bu gün muxtar respublikanın statusunun və sərhədlərinin beynəlxalq təşkilatlar səviyyəsində tanıdılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 2012-ci il oktyabrın 16-18-də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 23-cü plenar sessiyasında qəbul olunan sənədlərin birində Naxçıvan Muxtar Respublikası ilə bağlı çox mühüm və tarixi əhəmiyyət daşıya biləcək məqam əks olunmuşdur. Sənəddə həmin hissə Ali Məclis Sədrinin tövsiyəsi ilə hazırlanmış və nümayəndə heyəti tərəfindən Memoranduma daxil edilmişdir.
Sənəddə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının konstitusion-hüquqi statusu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına, habelə hazırda qüvvədə olan iki beynəlxalq müqaviləyə əsaslanır. Bundan başqa, qeyd edilmişdir ki, muxtar respublikanın statusu həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələrlə müəyyən olunmuşdur. Maddənin sənədə salınması Azərbaycan, xüsusilə Naxçıvan Muxtar Respublikası üçün böyük siyasi əhəmiyyət kəsb edir.
İlk dəfədir ki, Naxçıvan Muxtar Respublikasının statusunu, sərhədlərini müəyyən edən 1921-ci il Moskva və Qars beynəlxalq müqavilələri beynəlxalq təşkilatın sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilir. Ölkəmiz, o cümlədən muxtar respublikamız üçün mühüm olan beynəlxalq müqavilənin hüquqi qüvvəsinin Avropa Şurası kimi nüfuzlu bir beynəlxalq təşkilat tərəfindən tanınması, şübhəsiz ki, ölkə və muxtar respublika rəhbərliyinin bu sahədə apardığı fəal diplomatik fəaliyyətin məntiqi nəticəsidir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmiş, regionu çiçəklənən diyara çevirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika 18 il ərzində hərtərəfli inkişaf edir, əsl intibah dövrünü yaşayır. Həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş vermiş və bu işlər indi də sürətlə və ardıcıl davam etdirilir.
Naxçıvanın muxtar respublika statusu bu bölgənin 90 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir. Ölkə Prezidentinin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.
AzərTAc.az