Azərbaycanın milli bayramı Belqradda da qeyd edilmişdir

Posted by

Azərbaycanın milli bayramı Belqradda da qeyd edilmişdir

Azərbaycanın milli bayramı Belqradda da qeyd edilmişdir

Azərbaycanın milli bayramı Belqradda da qeyd edilmişdir

Serbiyanın paytaxtı Belqrad şəhərindəki “Həyat Regency” otelində 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir.

Tədbirdə Serbiya Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri, Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Rasim Lyayiç, müdafiə naziri Bratislav Qaşiç, mədəniyyət və media naziri İvan Tasovats, fövqəladə hallar sahəsinə cavabdeh portfelsiz nazir Velimir İliç, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, deputatlar, siyasi partiyaların rəhbərləri, o cümlədən Serbiyanın sabiq Prezidenti, Yeni Demokratik Partiyanın sədri Boris Tadiç, Belqrad şəhər meriyasının rəhbərliyi, xristian və müsəlman din xadimləri, ictimai və qeyri-hökumət təşkilatlarının, Belqrad şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, burada fəaliyyət göstərən Serbiya-Azərbaycan Ticarət Palatasının, Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, bu ölkədə yaşayan, çalışan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak etmişlər.

Əvvəlcə Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndirilmişdir.

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov 96 il bundan əvvəl – 1918-ci il mayın 28-də “İstiqlal Bəyannamə”sinin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlı məlumat vermişdir. Vurğulamışdır ki, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Tədbirdə Serbiyada, Bosniya və Herseqovinada baş vermiş təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfir Serbiyada, eləcə də Bosniya və Herseqovinada baş vermiş təbii fəlakətin nəticələri haqqında xəbərin Azərbaycanda üzüntü ilə qarşılandığını və cari il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa tapşırığına əsasən hər bir ölkəyə 400 min avrodan çox humanitar yardımın göstərildiyini bildirmişdir. Vurğulamışdır ki, səfirliyimizin əməkdaşları, “Azvirt” şirkətinin, Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan diasporunun nümayəndələri təbii fəlakət bölgələrinə gedərək, zərər çəkmiş insanlara maliyyə və digər zəruri yardımlar göstərmişlər. Səfir bu münasibətin ölkələrimiz arasında mövcud strateji tərəfdaşlığın bariz göstəricisi olduğunu vurğulamışdır.

E.Həsənov Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir sahədə sürətli inkişafın müşahidə olunduğunu və beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanındığını bildirmişdir.

R.Lyayiç çıxış edərək Azərbaycan xalqını və dövlətini 28 May – Respublika Günü münasibətilə təbrik etmişdir. Serbiyanın Azərbaycan ilə münasibətlərə mühüm önəm verdiyini diqqətə çatdıran R.Lyayiç dövlət başçılarımızın qarşılıqlı səfərlərinin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə töhfə verdiyini bildirmişdir. Vurğulamışdır ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial və qarşılıqlı istək vardır. O, Serbiyada baş vermiş ağır təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Serbiya tərəfinin müraciəti əsasında dərhal və təxirə salınmadan göndərilmiş humanitar yardıma görə dost Azərbaycan dövlətinə, xalqına və xüsusilə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə etmiş və bu nəcib hərəkətin Serbiya xalqı tərəfindən heç vaxt unudulmayacağını bildirmişdir.

Sonra Azərbaycanın tarixini, mədəniyyətini, ölkəmizin gündəlik həyatını, müstəqilliyinin bərpasından sonra qazandığı uğurlardan bəhs edən film nümayiş olunmuşdur.

Tədbir Serbiya KİV-lərində geniş işıqlandırılmışdır.

 

AzərTac.az