Azərbaycanın mədəniyyət və turizm naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb

Posted by

Azərbaycanın mədəniyyət və turizm naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşübAzərbaycanın mədəniyyət və turizm naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb

Azərbaycanın mədəniyyət və turizm naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb

ABŞ-da səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdulaziz Al-Nassir ilə görüşüb.

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq məsələləri, xüsusilə qarşıdan gələn 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri müzakirə edilib.

 

Ali nümayəndə Azərbaycana böyük sevgi ilə yanaşdığını və ölkə başçısı İlham Əliyevin mədəniyyətlər və dinlərarası dialoqa verdiyi önəm və dəstəyin onda dərin təəssürat yaratdığını qeyd edib.

 

Nazir Əbülfəs Qarayev prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi və Foruma Alyansın və şəxsən ali nümayəndənin göstərdiyi dəstəyə görə ona təşəkkürünü bildirərək, əvvəlki iki Forumda olduğu kimi, cari ilin may ayında keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlığında bütün tərəfdaş beynəlxalq qurumların, eləcə də Alyansın xüsusi rolunu yüksək qiymətləndirdiklərini ifadə edib.

 

Görüşdə vurğulanıb ki, növbəti Forum hazırda dünyada artan ekstremizm və anlaşılmazlıqların aradan qaldırılması üçün ideya və təşəbbüslərin platforması kimi ciddi funksiyanı yerinə yetirməli və bu istiqamətdə bütün tərəfdaşlar birgə işləməlidir.

 

Ali nümayəndə 3-cü Dünya Forumunda iştirak edəcəyini və ölkə rəhbərliyi ilə görüşmək arzusunda olduğunu diqqətə çatdırıb. Nazir qəbula görə ona təşəkkür etmiş, yekunda Azərbaycan mədəniyyətinin bir nümunəsi kimi Nasser Abdulaziz Al-Nassirə xalça hədiyyə edib.

 

Apa.az