Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk qrupu həmsədrlərini qəbul edib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), ATƏT-in Minsk qrupunun Fransa tərəfindən yeni təyin edilmiş həmsədri Pyer Andryu, Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı təəssüratlarını bildiriblər.
Müdafiə naziri qonaqlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.
Sonda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı fikir mübadiləsi aparılıb.
Apa.az