Azərbaycanın hərbi dəniz tarixində bir ilk reallaşdırıldı

Posted by

Azərbaycanın hərbi dəniz tarixində bir ilk reallaşdırıldıAzərbaycanın hərbi dəniz tarixində bir ilk reallaşdırıldı

Azərbaycanın hərbi dəniz tarixində bir ilk reallaşdırıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) qüvvə və vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili, terror-təxribat qüvvələrinin aşkarlanması, raket-artilleriya qurğularından gecə və gündüz döyüş atışı ilə zərərsizləşdirilməsi və baxış əməliyyatlarının aparılmasına dair taktiki təlimlər keçirilib.

 

Trend DSX-nin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 8-11 tarixlərində Xəzər dənizində mümkün təhdidlərə qarşı hərbi hissə və bölmələrin birgə xidməti-döyüş və əməliyyat-taktiki hərəkət elementlərinin təkmilləşdirilməsi məqsədilə on taktiki epizod üzrə dörd mərhələdə keçirilən təlimlərdə:

 

– neft-qazçı­xarma rayonlarının, platformaların, ixrac boru kəmərlərinin mühafizəsi və müdafiəsinin gündəlik şəraitdən fövqəladə şəraitə keçirilməsi və birgə sərhəd axtarışının aparılması;

 

– sorğuya cavab verməyərək neft platforması istiqamətində hərəkətini davam etdirən gəminin dayandırılması, çevik-hərəkət qrupunun helikopter vasitəsi ilə gəmiyə çıxarılması;

 

– şərti düşmənin terror-təxribat qrupunun zərərsizləşdirilməsi, dayandırılmış gəmiyə xüsusi axtarış vasitələri ilə baxış keçirilməsi və kütləvi qırğın silahlarının komponentlərinin, həmçinin narkotik vasitələrin aşkar edilməsi;

 

– sərhəd gözətçi gəmiləri tərəfindən şərti düşmənin terror-təxribat qrupunun qaranlıqda aşkarlanması və məhv edilməsi, şərti düşmənin sualtı təxribat qruplarının aşkarlanaraq zərərsizləşdirilməsi;

 

– helikopterlərin və sərhəd gözətçi gəmilərinin zenit-artilleriya qurğuları və raket komplekslərindən günün işıqlı və qaranlıq vaxtlarında döyüş atışlarının keçirilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.

 

“Gəmi inşası zavodu”nda inşa olunmuş itisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və radiotexnika avadanlıqları ilə, müasir silahlarla təchiz edilmiş iki yeni sərhəd gözətçi gəmisi təlimlərdə uğurla sınaqdan keçirilib və Azərbaycanın hərbi dəniz tarixində ilk dəfə zenit-artilleriya qurğuları və raket komplekslərindən gecə atışları müvəffəqiyyətlə yerinə yetirilib.

 

Təlimlərdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı nümayiş etdirib. Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş hərbi qulluqçular təltif edilib.

 

Trend.az