Azərbaycanın dövlət bayramı-Respublika Günü Tokioda təntənəli şəkildə qeyd edilmişdir
Azərbaycanın Yaponiyadakı səfirliyi Tokiodakı “Okura” mehmanxanasında 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Qəbulda Yaponiyanın dövlət və hökumət qurumlarının nümayəndələri, deputatlar, Tokioda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, şirkət rəhbərləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Mərasimin əvvəlində Azərbaycanın və Yaponiyanın dövlət himnləri səslənmişdir.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan danışmışdır. O demişdir ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ağır sınaqlara sinə gərərək dövlətçiliyini dəyanətlə qorumuşdur. Qeyd olunmuşdur ki, müasir Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımlayır, özünü doğrultmuş dövlət kimi mövqeyini möhkəmləndirir, ölkədə davamlı siyasi-iqtisadi islahatlar həyata keçirilir. Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır və ölkəmizin 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi buna bariz nümunədir.
Azərbaycan və yapon xalqları arasında əlaqələrin böyük tarixə malik olduğunu qeyd edən səfir demişdir ki, bu əlaqələr Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra yeni müstəviyə qədəm qoymuşdur. İki ölkə arasında münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya səfərinin böyük rol oynadığı diqqətə çatdırılmış və bildirilmişdir ki, həmin səfər zamanı əməkdaşlığın hüquqi bazası yaradılmışdır. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Yaponiyaya dövlət səfərinin əlaqələrimizin inkişafına böyük töhfələr verdiyi vurğulanmışdır.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən səfir demişdir ki, Azərbaycan ilə Yaponiya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyir. Yaponiya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və müdafiə edir.
Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının baş katibi, Konstitusiya Komitəsinin sədri, Müşavirlər Palatasının üzvü Kenji Kosaka Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etmiş, əlamətdar bayram münasibətilə Yaponiyanın iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri, Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının həmsədri Akira Amarinin, eləcə də qrupun bütün üzvlərinin xoş arzularını çatdırmışdır. K.Kosaka Azərbaycan-Yaponiya münasibətlərinin inkişaf səviyyəsindən məmnun olduğunu bildirmiş, Azərbaycanın öz müstəqilliyinin bərpasından sonra regionda təhlükəsizliyin və sabitliyin təmin olunması, davamlı iqtisadi inkişaf və tərəqqinin əldə edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin misilsiz rolunu vurğulamışdır.
K.Kosaka Azərbaycanın zəngin təbii sərvətlərə malik olması ilə yanaşı, qeyri-neft sektorunda böyük potensialının mövcudluğunu qeyd etmiş, Yaponiyanın Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.
Mərasimdə Yaponiyanın xarici işlər nazirinin müavini Takao Makino çıxış etmiş, 28 May-Respublika Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırmışdır. T.Makino Yaponiya-Azərbaycan münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edərək, bu yaxınlarda Azərbaycana səfəri çərçivəsində müxtəlif nazirlik və dövlət qurumlarında görüşlər keçirildiyini, ölkəsinin Azərbaycan ilə iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdir. O, səfəri zamanı Azərbaycanın dilbər guşəsi olan İsmayıllı rayonunu ziyarət etdiyini, Azərbaycan-Yaponiya münasibətləri tarixində ilk dəfə olaraq ötən il İsmayıllı və İto arasında qarşılıqlı dostluq əlaqələrinin qurulması barədə məlumat vermişdir.
Əlamətdar gün münasibətilə xoş arzularını ifadə edən T.Makino xalqımıza sülh, əmin-amanlıq və xoşbəxtlik diləmişdir.
Mərasimdə yapon dilində nəşr olunan “İRS-İsan” jurnalının növbəti nömrəsi tədbir iştirakçılarına təqdim edilmiş, ziyafət verilmişdir.
AzərTac.az