Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsinin təqdimatında iştirak edib
Mayın 31-də Heydər Əliyev Mərkəzində “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsinin təqdimatı keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak etmişlər.
Təqdimatdan əvvəl layihənin əhəmiyyətindən söz açılmışdır.
Bildirilmişdir ki, geyim mənsub olduğu xalqın əsrlər boyu yaranmış bədii zövqünü, onun mədəniyyətini əks etdirir.
Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılmış bir sıra parça fraqmentləri göstərir ki, hələ eramızdan əvvəl burada yüksək geyim mədəniyyəti mövcud olmuşdur.
Vurğulanmışdır ki, Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaq məqsədini daşıyır.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıq ifadə edilmişdir.
Diqqətə çatdırılmışdır ki, milli muzeylərimizin kolleksiyasında zəngin və dolğun təqdim olunan geyimlər, bəzək əşyaları və xalçaçılıq məmulatları məşhur italyan modelyeri Renato Balestranı naxışlarının incəliyi və dekor elementlərinin orijinallığı ilə seçilən Azərbaycan milli qadın geyimlərinin qədim zamanlardan müasir dövrədək inkişafını ehtiva edən kolleksiya yaratmağa sövq etmişdir.
Sonra italyan modelyeri Renato Balestranın kolleksiyasının fəlsəfəsini əks etdirən film nümayiş olunmuşdur.
Daha sonra Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi çərçivəsində tanınmış italyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiyası nümayiş etdirilmişdir.
Kolleksiyanın nümayişi ölkəmizin şərti olaraq bölündüyü tarixi etnoqrafik bölgələrin yerli xüsusiyyətlərini əks etdirən geyimlər və bu geyimlərin elementlərindən məharətlə istifadə olunaraq nəfis tərtibatda hazırlanan müasir geyimlərlə başlamışdır.
Xalq yaradıcılığının tarixi etnoqrafik və bədii xüsusiyyətlərinin təcəssüm tapdığı geyim kolleksiyası xüsusi olaraq bu məqsədlə tərtib edilmiş musiqinin müşayiəti ilə nümayiş olunmuşdur.
Təqdimatın növbəti hissəsində klassik elementlərdən istifadə edilərək yaradılmış müasir geyimlər nümayiş olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, kolleksiyada yer alan ziyafət libasları Azərbaycan muzeylərində qorunub saxlanılan artefaktlarla tanışlıqdan sonra yaranmışdır. Bu geyimlərin məhsuldarlıq, bərəkət, birlik, sədaqət rəmzi olaraq Azərbaycan milli mədəniyyətində geniş istifadə edilən nar simvolunun əks olunduğu qiymətli daşlardan naxışlı tikmələrlə bəzədilməsi tamaşaçılarda böyük maraq doğurmuşdur.
Tanınmış italyan modelyerinin kolleksiyasının nümayiş olunan son hissəsini tərəqqi və inkişaf rəmzi, Odlar Yurdu Azərbaycanın simvollarından biri hesab olunan alovu əks etdirən qırmızı və qara rəngli naxışlı tikmələrlə və mozaikalarla işlənilmiş ziyafət libasları təşkil etmişdir.
Renato Balestranın iştirakı ilə keçirilən nümayişdə 40-dan çox geyim nümunəsi təqdim olunmuşdur. Moda nümayişinin ən maraqlı məqamlarından biri də tanınmış model İrina Şeykin də səhnədə görünməsi olmuşdur.
Moda nümayişindən sonra ürək sözlərini bölüşən məşhur italyan modelyeri Renato Balestra Bakıda olmağından qürur duyduğunu demiş və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir.
Diqqətə çatdırmışdır ki, o, layihə çərçivəsində Azərbaycanın milli ornamentlərinin tarixini və xüsusiyyətlərini araşdırmış, Şərq koloritindən ilham alaraq Azərbaycan milli elementlərini müasir Avropa dəbində tətbiq etmişdir. O, Azərbaycan cəmiyyətində qadının çox vacib rol oynadığını, bu gözəl ölkəyə bir daha qayıdacağına ümid etdiyini demişdir.
Beləliklə, milli ornamentlərdən ustalıqla istifadə edilərək bədii zövqlə hazırlanan geyim kolleksiyası tamaşaçılara müasir dəbdə Azərbaycan cazibəsini təqdim etmişdir.
Trend.az