Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə keçirilən AŞPA-nın yay sessiyasında mühüm məsələlər müzakirə edilmişdir
İyunun 28-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elxan Süleymanov qurumun iyunun 23-dən 27-dək Strasburqda davam edən yay sessiyasının yekunları ilə bağlı mətbuat konfransı keçirmişdir.
AzərTAc xəbər verir ki, Milli Məclisin deputatı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə keçirilən sessiya çərçivəsində müzakirə olunan bir sıra mühüm məsələlərdən danışmışdır.
Elxan Süleymanov əvvəlcə irlandiyalı deputat Mayk Maknamaranın sessiyada təqdim etdiyi “Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqları ilə bağlı nə edilməlidir?” adlı qətnamə layihəsinə münasibət bildirmişdir. Bu təklifi fırıldaqçılıq formada təşkil olunmuş kampaniyanın tərkib hissəsi adlandıran deputat bu işə AŞPA-nın indiki sədri Ann Brassörun da qoşulduğunu bildirmişdir. E.Süleymanov Azərbaycanda “siyasi məhbus problemi”nin qurumun insan haqları komitəsində yenidən müzakirəyə çıxarılmasını bir daha Azərbaycana qarşı təzyiqlərin, ayrı-seçkiliyin və ikili standartların bariz nümunəsi kimi qiymətləndirmişdir. O demişdir ki, cəmi bir il əvvəl Kristof Ştrasserin qondarma siyasi məhbus məruzəsi darmadağın edildiyi halda, indi yenidən belə bir sevdaya düşmək ikili standartlar siyasətindən də uzağa gedən bir yanaşma, Azərbaycana qarşı düşmən mövqeyidir.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü siyasi komitədə bu məsələ ilə əlaqədar iki namizədin – Ermənistan nümayəndə heyətinin xüsusilə dəstəklədiyi Pyeter Omtziyg və Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramuntun qeydə alındığını bildirmişdir. Səsvermə nəticəsində Pedro Aqramuntun 29:19 üstünlüyü ilə qalib gəlməsi sədr Ann Brassör, Andreas Qross, Mayk Maknamara və digər antiazərbaycan təbliğatçılarının niyyətlərini puça çıxarmışdır.
Milli Məclisin deputatı sessiya çərçivəsində onun müəllifliyi ilə təqdim olunmuş və 14 dövləti təmsil edən 58 AŞPA üzvü tərəfindən imzalanmış “Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə dair” qətnamə layihəsinin də müzakirə edildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, bu sənəd 22 il ərzində ilk dəfə olaraq beynəlxalq təşkilat – AŞPA səviyyəsində Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən birinci qətnamə layihəsidir.
E.Süleymanov qətnamə layihəsinin qəbul olunmaması üçün qurumda hər cür təzyiqlərlə üzləşdiyini demişdir. Onun sözlərinə görə, qətnamə layihəsinə iyunun 22-də sədarət komitəsində baxılmış və belə bir konsensus əldə olunmuşdur ki, məsələ ilə bağlı məruzəçinin təyin olunmasına dair sənəd Büroya göndərilsin. Lakin məsələyə AŞPA-nın baş katibi Voytsex Savitski qarışmış və prosedur əngəlləri yaratmaqla qətnamə layihəsinin Büroda müzakirəsinin qarşısını almağa çalışmışdır. Bundan sonra yeni bir qətnamə layihəsi hazırlanmış və iyunun 24-də katibliyə təqdim edilmişdir. Katiblik tərəfindən qəbul olunan və qurumun rəsmi saytında dərc edilən qətnamə layihəsi baxılmaq üçün gündəliyə salınmışdır. Həmin vaxt AŞPA-nın baş katibi Voytsex Savitskinin təşəbbüsü ilə “Dağlıq Qarabağ münaqişəsi” adlı üçüncü və daha loyal qətnamə layihəsi katibliyə təqdim edilmişdir.
Büro iclasında hər 3 sənədin müzakirə üçün gündəliyə daxil edilməsinə baxmayaraq, onların müzakirəsi sentyabr ayınadək təxirə salınmışdır. Bütün bunlarda məqsəd Ermənistan nümayəndə heyətinə qarşı sanksiya nəzərdə tutan qətnamə layihəsini kölgədə qoymaq və nəticə etibarilə işğalçı dövlətə qarşı sanksiyanın tətbiq olunmasının qarşısını almaqdır.
AzərTac.az