Azərbaycanın ABŞ-dakı səfirliyində mühüm tədbir keçirilib

Posted by

Azərbaycanın ABŞ-dakı səfirliyində mühüm tədbir keçirilib

Azərbaycanın ABŞ-dakı səfirliyində mühüm tədbir keçirilib

Azərbaycanın ABŞ-dakı səfirliyində mühüm tədbir keçirilib

Azərbaycanın ABŞ-dakı səfirliyində aprelin 7-də nüfuzlu İcraçı Direktorlar Təşkilatının (Chief Executives Organization) üzvləri ilə görüş və ziyafət keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə təşkilatın ABŞ, Böyük Britaniya, Avstraliyadan olan üzvləri ilə yanaşı, aparıcı təhsil ocaqlarından hesab edilən Con Hopkins Universitetinin Beynəlxalq münasibətlər Mərkəzinin dekanı Vəli Nəsr də iştirak edib.

Görüş zamanı səfir Elin Süleymanov çıxışında Azərbaycanın coğrafi mövqeyinin ölkənin xarici siyasət istiqamətləri və xarakterinin formalaşmasına təsiri barədə məlumat verərək, regional sabitliyin əsasında region dövlətləri arasında qarşılıqlı faydalı münasibətlərin dayandığını deyib. Bu xüsusda, Azərbaycanın öz qonşuları Gürcüstan və Türkiyə ilə əlaqələrinin nümunəvi olduğunu qeyd edib.

Azərbaycanın şərqdən Xəzər dənizi ilə sərhədlənməsinin siyasi və strateji üstünlüklərindən bəhs edən səfir bu xüsusda, ilk olaraq, zəngin enerji resurslarına çıxış imkanını qeyd edib. E.Süleymanov hazırda regional sabitliyin əsasında məhz Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi iradəsinin ifadəsi olan qərarlar nəticəsində reallaşdırılmış enerji layihələrinin dayandığını bildirib.

Regional əməkdaşlığın inteqrasiya proseslərinin əsasında dayandığını bildirən diplomat Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərin yalnız maddi mənfəətlə məhdudlaşmadığı, eyni zamanda uğurlu regional məkan qurulmasına xidmət etdiyini qeyd edib. Azərbaycanın qonşu dövlətlərlə, Türkiyə və Gürcüstanla əməkdaşlığının qarşılıqlı faydalı olmasının və hər üç dövlətin sonrakı iqtisadi inkişafına töhfəsinin danılmaz fakt olduğunu əlavə edib.

Diplomat regionun hərtərəfli inkişafında əsas maneənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin olduğunu bildirərək, Ermənistanın işğalçılıq siyasətinə son qoyması ilə bu layihələrə cəlbinə heç bir əngəl olmadığını diqqətə çatdırıb. Ermənistan hakimiyyətinin münaqişənin nizamlanmasında tutduğu qeyri-konstruktiv mövqenin həm dövlətin regional inteqrasiya proseslərindən kənar qalması, həm də erməni xalqının yaşayışının günü-gündən pisləşməsi ilə sonunclandığını təəssüflə qeyd edib.

Ermənistanda rəsmi siyasi dairələrin müstəqil siyasət apararaq, erməni xalqının mənafeyini ön plana çəkəcəkləri halda, münaqişənin nizamlanmasının həm dövlət, həm də xalq üçün faydasını dərk etmiş olacağını əlavə edib.

Sonda dünyada baş verən son siyasi proseslər, o cümlədən Ukraynada baş vermiş hadisələr barəsində geniş fikir mübadiləsi aparılıb. E.Süleymanov bildirib ki, ABŞ və Avropa dövlətlərinin beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipinə münasibətdə qeyri-ardıcıllıq və laqeyd yanaşması bu kimi ayrılmalara yol açır.

Səfir həmçinin qeyd edib ki, Ukrayna hadisələrinin enerji yollarının şaxələndirilməsinin enerji asılılığınının aradan qaldırılmasında necə önəmli rol oynadığını və Azərbaycan tərəfinin enerji layihələrinin reallaşdırılması istiqamətində verdiyi qərarların strateji önəmini bir daha sübut edir.

Qeyd edək ki, dünyanın ən nüfuzlu iki min şirkətinin icraçı direktorlarının toplandığı təşkilata üzvülük yalnız konkret şərtlərin ödənilməsi ilə dəvət əsasında mümkündür.

 

Trend.az