Azərbaycanın 6 rayonunda səyyar şəkildə protez-ortopedik bərpa xidməti göstəriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətini gələn həftə 6 rayonda davam etdirəcək.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada mayın 6-da saat 9.00-dan 12.00-dək Qobustan rayon mərkəzi xəstəxanasında və saat 13.00-dan 18.00-dək Şamaxı rayon mərkəzi xəstəxanasında, mayın 7-də saat 9.00-dan 13.00-dək İsmayıllı rayon Tibbi-Sosial Ekspert Komissiyasının və 14.00-dan 18.00-dək Göyçay rayon Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binalarında, mayın 8-də saat 9.00-dan 13.00-dək Kürdəmir rayon mərkəzi xəstəxanasında və 14.00-dan 18.00-dək Ağsu rayon mərkəzi xəstəxanasında olacaq və əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.
Mərkəz tərəfindən səyyar xidmət göstərilməsi nəzərdə tutulan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Həmin insanlar ehtiyac duyduqları protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri ilə təmin ediləcəklər.
Qeyd olunan səyyar tibbi-texniki briqada 2013-cü ilin dekabr ayında ƏƏSMN-in müvafiq Əmrinə əsasən yaradılıb və ötən dövrdə 2 min nəfərdən çox şəxsi səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edib.
AzərTac.az