Azərbaycanın 28 May – Respublika Günü Argentinanın Xarici İşlər və Etiqad Nazirliyində təntənəli şəkildə qeyd edilmişdir

Posted by

Azərbaycanın 28 May - Respublika Günü Argentinanın Xarici İşlər və Etiqad Nazirliyində təntənəli şəkildə qeyd edilmişdir

Azərbaycanın 28 May – Respublika Günü Argentinanın Xarici İşlər və Etiqad Nazirliyində təntənəli şəkildə qeyd edilmişdir

Azərbaycanın 28 May - Respublika Günü Argentinanın Xarici İşlər və Etiqad Nazirliyində təntənəli şəkildə qeyd edilmişdir

Azərbaycanın Argentinadakı səfirliyi 28 May – Respublika Günü münasibətilə Argentina Xarici İşlər və Etiqad Nazirliyinin “Auditorio Manuel Belgrano” tədbirlər və konsert zalında rəsmi tədbir keçirmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirə Argentina Xarici İşlər və Etiqad Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi təşkilati dəstək göstərmişlər.

Tədbirdə Argentina hökumətinin, parlamentinin, ölkədə akkreditə olunan diplomatik korpusun, elmi-akademik, işgüzar dairələrin, mədəniyyət və aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə Argentinanın və Azərbaycanın dövlət himnləri səslənmişdir.

Tədbiri giriş sözü ilə açan Argentinanın xarici siyasət üzrə dövlət katibinin müavini Marina Carolina Perez Kolman hökuməti adından Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik etmişdir. Dövlət katibinin müavini Azərbaycanın Argentina üçün önəmi, Azərbaycan-Argentina münasibətlərində son illərdə əldə edilmiş nailiyyətlər barədə danışmışdır.

Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığını qeyd edən M.C.Perez Kolman Azərbaycanı strateji mövqeyə, zəngin təbii resurslara, dinamik inkişafa və yüksək beynəlxalq nüfuza malik ölkə kimi xarakterizə etmişdir.

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə ölkəmizin müstəqillik illərində keçdiyi yol, respublikamızın inkişaf strategiyası, regional liderliyi, beynəlxalq əməkdaşlığı, o cümlədən Latın Amerikası regionu dövlətləri ilə son illərdə inkişaf etməkdə olan əlaqələrindən danışmışdır.

Argentina ilə əlaqələrə toxunan diplomat iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərindən bəhs etmişdir.

Tədbir Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının ifasında konsert proqramı ilə davam etmişdir.

Konsertdə tanınmış rəqs ustası, Xalq Artisti Təranə Muradova, habelə rəqqaslar Günel Şeyxova, Viktoriya Şahmuradova, Ceyhun Qubadov, Elnur Süleymanov, Cavid Alayarov “Azərbaycan rəqsi”, “Sarı gəlin”, “Uzun dərə”, “Çayçı”, “Qaval rəqsi”, “Naz eləmə”, “Yallı” kimi milli rəqslərimizi, Beynəlxalq Muğam Müsabiqəsinin “Qran–pri” mükafatçısı, xanəndə Ehtiram Hüseynov, Əməkdar Mədəniyyət İşçisi, tarzən Elçin Abbasov və kamança ustası Fariz Hüseynov “Şüştər” rəngi və təsnifi, “Qarabağ şikəstəsi”, “Bayatı Şiraz”, “Segah təsnifi” kimi məşhur muğamlarımızı böyük məharətlə təqdim etmişlər.

Muğam ustalarımızın “Bayatı Şiraz” muğamı üzərində ifa etdikləri tanqo parçası tamaşaçıların böyük heyrətinə səbəb olmuşdur.

Konsert proqramı ansamblın bütün üzvlərinin iştirakı ilə “Azərbaycan” adlı final nömrəsinin təqdimi ilə yekunlaşmışdır.

Konsert proqramından sonra rəsmi ziyafət verilmişdir.

Tədbirdə, həmçinin Azərbaycanın tarixi abidələrinin, müasir görüntülərinin və gələcək layihələrinin fotoşəkillərindən ibarət sərgi də nümayiş etdirilmişdir.

 

AzərTac.az