MDB-də Böyük Vətən Müharibəsi iştirakçılarına verilən müavinətin məbləği üzrə ən yüksək göstərici Azərbaycana məxsusdur
“Prezident İlham Əliyevin 3 aprel 2015-ci il sərəncamı ilə 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının, o cümlədən arxa cəbhədə fədakar əməyinə görə, orden və medallarla təltif olunmuş şəxslərin, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının birdəfəlik maddi yardımla təmin olunması ilə bağlı göstəriş verilib”.
“APA-Economics”in xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev keçirdiyi brifinq zamanı bildirib.
Sədr qeyd edib ki, sərəncamın icrası ilə əlaqədar hazırkı vəziyyətə DSMF tərəfindən 18 881 nəfər birdəfəlik maddi yardımla təmin olunub və müvafiq vəsaitlər həmin şəxslərin plastik kartlarına köçürülməsi prosesi artıq tam yekunlaşdırılıb.
E. Mehdiyevin sözlərinə görə, bunlardan 1 342 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır: “Həmin şəxslərin hər birinə birdəfəlik 800 manat məbləğində maddi yardım göstərilib. 17 539 nəfərə isə həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə, orden və medallarla təltif olunmuş şəxslər kateqoriyasına aiddir. Onların da hər birinə 400 manat məbləğində birdəfəlik maddi yardım köçürülüb”.
E. Mehdiyevin sözlərinə görə, sərəncamın icrası ilə əlaqədar ümumilikdə 8,3 mln. manat vəsait ayrılıb və DSMF tərəfindən ayrılan vəsaitinin qeyd etdiyim kateqoriyadan olan şəxslərin plastik kartlarına köçürülməsi prosesi tam yekunlaşıb. Fondun sədri əlavə edib ki, vətəndaşlar bu vəsaitləri bankomatlar vasitəsilə əldə edə bilər.
“Müəyyən hərəkət məhdudiyyəti olan insanlara pos-terminallar vasitəsilə evlərində xidmət göstərilməsi də hal-hazırda DSMF-nin xüsusi nəzarəti altındadır”, – deyə sədr bildirib.
E. Mehdiyev MDB məkanı üzrə Böyük Vətən Müharibəsi iştirakçılarına verilən müavinətin məbləği üzrə ən yüksək göstəriciyə də məhz Azərbaycanın malik olduğunu bildirib.
“Azərbaycanda bu kateqoriyadan olan insanlara verilən maddi yardım digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək rəqəmlərlə ifadə olunur. Məsələn, Rusiya ilə müqayisə etsək bu rəqəm 6 dəfədən də çox bir rəqəmlər ifadə olunur”, – deyə E.Mehdiyev bildirib.
DSFM sədri bildirib ki, əmək pensiyaları haqqında qanunvericilikdə də bu kateqoriyadan olan insanların xüsusi fərqləndirilməsi aparılır.
“Böyük Vətən müharibəsi əlillərinə və iştirakçılarına xüsusi əlavələr müəyyən olunub. I qrup əlillərə əmək pensiyasının baza hissəsinin 140 % həcmində, II qrup əlillərə 110 % həcmində, III qrup əlilləri və müharibə iştirakçılarına isə 90% həcmində hər ay biz pensiyanın üzərinə əlavələr hesablayıb veririk”, – deyə sədr bildirib.
Apa.az