Azərbaycanda özəl qəbiristanlıqlarının yaradılması təklif edilir
Azərbaycanda özəl və bələdiyyə qəbiristanlıqlarının yaradılması təklif edilir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, Azərbaycanda yalnız qəbiristanlıqlarda torpaq sahəsinin ayrılması deyil, dəfn mərasimlərinin keçirilməsi də çox ciddi məsələyə çevrilir.
Bu sahədə müasir təcrübənin öyrənilməsinə ehtiyac olduğunu deyən millət vəkili qeyd edib ki, xüsusilə şəhər yerlərindəki qəbiristanlıqlarda yerlərin çatışmazlığı və oradakı torpaq sahələrinin qeyri-qanuni olaraq baha qiymətə satılması halları var.
Bunu həm günah hal, həm də qanun pozuntusu kimi dəyərləndirən M.Quliyevin fikrincə, bunları aradan qaldırmaqdan ötrü alternativ yollar axtarılmalıdır. Alternativ yollardan biri bələdiyyələrin fondunda olan torpaqlardan bələdiyyənin özünün qəbiristanlıq kimi istifadə etməsi, digəri isə özəl qəbiristanlıqların yaradılmasıdır.
Özəl qəbiristanlıqların yaradılması üçün hüquqi əsasların olmasını vacib sayan M.Quliyev bildirib ki, belə məzarlıqların yaradılması həm qeyri-qanuni ödənişləri aradan qaldıracaq, həm də qəbiristanlıqlarla bağlı müəyyən standartların hazırlanaraq tətbiq olunmasına yardım edəcək: “Standart qəbirlərin olması da çox maraqlı məsələdir. Yəni qəbiristanlıqlarda muzeylər, məbədlər tikilməsin, ölülər bir-birindən fərqləndirilməsin. Qəbiristanlıqların standartlarının olması standart qəbirlərin olması məsələsini də tənzimləyə bilər. Eyni zamanda, belə olduqda qəbiristanlıqların qorunması da təmin edilə bilər”.
Özəl qəbiristanlıqların yaradılması məsələsinin müvafiq məcəllələrə daxil edilməsi üçün təkliflər hazırlaya biləcəyini açıqlayan M.Quliyev bildirib ki, qəbiristanlıqlara xidmət göstərilməsi, onun qorunması, dəfn mərasiminin təşkil olunması üçün bələdiyyələrə də imkan yaratmaq lazımdır. Bələdiyyələr bu sahə üzrə müəyyən xidmətləri pullu etməklə bu işləri daha yaxşı səviyyədə görə bilərlər. Bunun üçün bələdiyyələrin səlahiyyətləri, işçiləri də var.
Millət vəkilinin sözlərinə görə, bələdiyyələrin qəbiristanlıqlar yarada bilməsi üçün qanunvericilikdə hər hansı qadağa yoxdur. Azərbaycanda bələdiyyənin öz ərazisində müəyyən xidmət işlərini, o cümlədən dəfn xidmətini təşkil etmək səlahiyyəti var: “Bələdiyyələr istəsələr, mərasim evləri də tikərək o xidmətləri göstərə bilərlər. O cümlədən dəfn xidmətləri göstərib qəbir daşlarının hazırlanması, qəbiristanlıqlarda yaşıllıqların salınması, qəbirlərə qulluq edilməsi və s. kimi işləri də görə bilərlər”.
Dəfn məsələsi ilə bağlı qanunvericilikdə bəzi boşluqların olduğunu deyən M.Quliyev əlavə edib ki, qəbiristanlıqlarda dəfn üçün yerlərin hansı əsaslarla ayrıla bilməsi hazırkı qanunvericilikdə öz əksini tapmayıb: “Bu məsələ qanunvericilikdə tənzimlənmir. Biz bir dəfə “Dəfn mərasimləri və qəbiristanlıqlar haqqında” qanun layihəsi hazırlamaq istədik. Bu məsələ həll edilməmiş qaldı, amma aktuallığını saxlayır. Hesab edirəm ki, sadə qanunvericilikdə boşluqlar var və bu qanun qəbul oluna bilər”.
Komitənin sədr müavini qeyd edib ki, hazırda qəbiristanlıqlarda dəfn üçün yerlər icra hakimiyyətinin sərəncamı əsasında ayrılır. Bəzi hallarda isə bələdiyyələr də onlar üçün ayrılmış yerlərdə bu işləri idarə edir: “Əslində, heç idarə də etmir. Bələdiyyə də deyir ki, buranın qiyməti bu qədərdir, pulunu bələdiyyənin kassasına keçir, ölünü dəfn et. Amma bələdiyyə bütövlükdə bu xidməti öz üzərinə götürsə, həm sivil olar, həm də orada müəyyən abadlıq işləri aparılar, müəyyən standartlar gözlənilər. İndi hər kəsin dəfn üçün torpaq almağa imkanı olmur. Elə insan olur ki, onun heç qohum-əqrəbası olmur. Amma o işi bələdiyyələr görsə, daha yaxşı olar. Müəyyən faiz insanlara da bu məsələdə güzəşt edə, bəzi kateqoriyalı insanlar üçün isə bunu pulsuz edə bilər. Bu işləri bələdiyyə öz öhdəsinə götürsə, onun müəyyən fondu da yarana bilər, bu işdən xeyriyyəçilik kimi də istifadə edə bilər”.
Deputatın sözlərinə görə, ölkə qanunlarında qəbiristanlıqlarda torpaq yerlərinin ayrılmasına görə rüsumlar müəyyənləşdirilməyib: “Ola bilsin ki, icra hakimiyyəti orqanları, ya da Nazirlər Kabineti səviyyəsində bir sənəd var. Amma qanunvericilikdə onlar tənzimlənmir”.
Trend.az