Azərbaycanda yeni üsulla elektrik enerjisi əldə oluna bilər

Posted by

Azərbaycanda yeni üsulla elektrik enerjisi əldə oluna bilər

 

Azərbaycanda yeni üsulla elektrik enerjisi əldə oluna bilər

Azərbaycanda yeni üsulla elektrik enerjisi əldə oluna bilər

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu termal suların ocaqlarından alternativ enerji mənbəyi kimi istifadə edilməsi məqsədi ilə tədqiqatlar aparır.

İnstitutdan Trend-ə verilən məlumata görə, bütün səylərini bu ocaqların yerləşmə koordinatlarını müəyyən etməyə yönəltmiş alimlər əmindirlər ki, termal sular yüksək enerji potensialına malikdirlər. Həmçinin yüksək temperaturlu termal sulardan elektrik enerjisi almaq mümkündür. Bu cür texnologiyalar dünyada mövcuddur və özünü doğruldub.

Tədqiqatlar “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrə uyğun qaydada aparılır və əsas məqsəd tükənməyən enerji əldə etməkdir.

İşlər institutun Hidrogeologiya və mühəndisi-geologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilovun rəhbərliyi ilə həyata keçirilir.

Y.İsrafilov qeyd edir ki, hazırda Geologiya İnstitutu alimlərinin qarşısında duran əsas məsələ Azərbaycandakı termal suların mənbələrinin koordinatlarını dəqiq müəyyən etməkdir. Bu ocaqların yeri dəqiqləşdirilərsə quyu qazmanın elmi əsaslı imkanları müvafiq dövlət qurumuna təklif olunacaqdır.

Araşdırmalar Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun şöbə rəhbəri, geologiya-mineralogiya elmlər doktoru Vasiliy Lavruşinlə birgə aparılır. Alimlər termal suların dərinliyini hidrogeoloji, geokimyəvi, geodinamik, geotermik və digər kompleks üsullar ilə müəyyən edə bilirlər.

Belə ki, su yerin səthinə tektonik çatlarla çıxanadək kilometrlərlə qalınlığı olan süxur qatlarından keçir. Tərkibindəki müxtəlif süxurlara aid komponentlər suyun nə qədər dərinlikdən gəldiyini müəyyən etməyə imkan verir.

Həmçinin yerin təkinin geotektonik şəraitini, dərin tektonik çatların strukturunu və hidrogeodeformasiya sahələrinin dinamikasını tədqiq etməklə termal suların miqrasiya yollarını aşkarlamaq mümkün olur. Bu, nəticədə termal suların ocağının yerləşdiyi koordinatları da müəyyənləşdirməyə imkan verir.

 

Trend.az