Azərbaycanda yeni elektron tədris idarəetmə sisteminin tətbiqinə başlanıb

Posted by

Azərbaycanda yeni elektron tədris idarəetmə sisteminin tətbiqinə başlanıbAzərbaycanda yeni elektron tədris idarəetmə sisteminin tətbiqinə başlanıb

Azərbaycanda yeni elektron tədris idarəetmə sisteminin tətbiqinə başlanıb

Azərbaycanda təhsil sahəsində müasir informasiya idarəetmə sistemlərinin tətbiqi davam etdirilir. Trend-in məlumatına görə, Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən Azərbaycan İT şirkəti “Neuron Technologies” növbəti uğurlu layihəsinə start verib.

 

Şirkət tərəfindən ali təhsil müəssisələrində tədris prosesinin Bolonya sisteminə uyğun təşkilini təmin edən elektron idarəetmə sistemi hazırlanıb.

 

2014-cü ilin yeni tədris ilində bu sistemin ölkəmizdə ilk dəfə Dövlət Gömrük Komitəsinin Akademiyasında uğurlu tətbiqinə başlanıb. Sistemin tətbiqi üzrə layihə çərçivəsində “Neuron Technologies” şirkəti tərəfindən Akademiyada server avadanlığı quraşdırılıb, internet şəbəkəsi yaradılıb, dinamik veb-portal və proqram təminatı hazırlanıb.

 

Şirkətin rəhbəri İsmayıl Ələkbərovun bildirdiyinə görə, bu yeni sistemi digər mövcud elektron sistemlərdən fərqləndirən əsas cəhətlər onun çoxsaylı kateqoriyalarda hesabatların bir toxunuşla əldə edilməsi, dərs cədvəllərinin “drag & drop” çəkib dartma üsulu vasitəsilə tərtibi, tədris materiallarının audio, video və digər formatlarda tələbələrə onlayn əlçatan olması, universitet kontingenti arasında ierarxik sistem üzrə sosial şəbəkə forumlarının aparılması, e-imtahanların keçirilməsi, yazılı imtahan vərəqələrinin barkod oxuma sistemi vasitəsilə insan müdaxiləsi olmadan təşkili və digər innovativ funksiyalara malik olmasıdır.

 

Sistem nüfuzlu beynəlxalq İKT təsisatlarının diqqətini də cəlb edib. Belə ki, bu sistemin 2014-cü ilin noyabrında Dublində keçiriləcək il ərzində ən böyük texnologiya tədbiri “Web-Summit 2014” qlobal sərgi-konfransında “start-up” layihə qismində təqdimatı nəzərdə tutulub. Beynəlxalq ekspertlərə görə, sözügedən sistem innovativlik və multi-funksional parametrləri baxımından Avropanın aparıcı universitetlərində hazırda tətbiq edilməkdə olan bir sıra analoji sistemlərlə müqayisə edilə bilər. Sevindirici haldır ki, proqram təminatı ölkəmizin yerli mütəxəssisləri tərəfindən hazırlanıb.

 

İnteraktiv proqram təminatı Oracle/Java texnologiyası üzərində qurulub və 40-a qədər moduldan ibarətdir. Sistem vasitəsilə tələbə və müəllim heyətinin qeydiyyatı, onların idarə olunması, tədris planlarının, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların, tələbələr arasında sorğuların keçirilməsi, daxili yazışmaların və forumların, habelə kitabxana işinin və mühasibatlığın aparılması avtomatlaşdırılır və elektron qaydada təşkil olunur. Tələbələr, həmçinin valideynlər istənilən vaxt və istənilən yerdən fərdi idendifikator və parolları ilə sözügedən tədris idarəetmə sisteminə mobil qaydada daxil olub müvafiq məlumatları əldə edə bilərlər. Proqram təminatına tələbə və müəllimlərin universitetin inzibati binasına giriş və çıxışları üzrə ağıllı kart sistemi də inteqrasiya edilib. Sistemə, həmçinin bulud texnologiyasına əsaslanan “Microsoft Office 365” platformasının inteqrasiyası nəzərdə tutulub.

 

“Neuron Technologies” şirkəti ölkəmizin təhsil sistemində müasir İKT-nin tətbiqi məsələsini prioritet istiqamət kimi müəyyən edib. Qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, innovasiyaların ölkəmizin universitetlərinin həyatına tətbiqinə başlanılıb. Şirkətin məqsədi şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və universitetlərin idarə olunmasının müasir tələblər səviyyəsində qurulması üçün innovativ texnologiyaların təqdim edilməsidir.

 

Yeni sistemin universitetlərimizdə tətbiqi ilə təhsilin bütün mərhələləri informasiyalaşdırılacaq, şəffaflıq tam təmin ediləcək və tədrisin keyfiyyəti yüksələcək. Ölkəmizin bir sıra digər ali təhsil müəssisələri bu innovativ sistemin tətbiqinə maraq göstərib. “Neuron Technologies” şirkəti ilə həmin universitetlər arasında müzakirələrə başlanıb.

 

Trend.az