Azərbaycanda yaradılan “Məzun evi” Sosial Müəssisəsinin statusu müəyyən edilib

Posted by

Azərbaycanda yaradılan “Məzun evi” Sosial Müəssisəsinin statusu müəyyən edilibAzərbaycanda yaradılan “Məzun evi” Sosial Müəssisəsinin statusu müəyyən edilib

Azərbaycanda yaradılan “Məzun evi” Sosial Müəssisəsinin statusu müəyyən edilib

Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında qərar verib.

 

APA-nın məlumatına görə, qərara əsasən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində istismarına icazə verilmiş, dövlət sosial təyinatlı mənzil fonduna aid olan çoxmənzilli yaşayış binası, binaya aid bütün infrastruktur qurğu və avadanlıqlar “Məzun evi” Sosial Müəssisəsinin balansına, onun yerləşdiyi torpaq sahəsi isə istifadəsinə verilib.

 

“Məzun evi” Sosial Müəssisəsinin saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək. Nazirlik 1 ay müddətində Dövlət Sosial Təminat Xidmətinin nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsinin layihəsini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməli, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarına “Məzun evi” Sosial Müəssisəsinin balansında olan binada yaşayış sahəsinin ayrılmasını təmin etməlidir. Təhsil Nazirliyi dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları barədə siyahının hər tədris ilinin sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etməlidir. Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik və Abşeron Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidir.

“Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşları da müəyyənləşib.

 

Apa.az