Azərbaycanda “Yaşıllıqların mühafizəsi haqqında” qanun qəbul olunub
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub.
Trend-in məlumatına görə, qanun layihəsi barədə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.
Onun sözlərinə görə, qanun Azərbaycanda yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir: “Qanunla müəyyən edilən qaydalar meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla ölkə ərazisindəki digər yaşıllıqlara tətbiq edilir”.
Qanun yaşıllıq ərazilərində ekoloji tarazlığın təmin edilməsi, mədəni-sağlamlaşdırma mühitin yaradılması və təmin edilməsi, yaşıllıqların mühafizəsində dövlət və bələdiyyə orqanlarının, əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması, yaşıllıqların mühafizəsi sahəsində dövlət və ictimai nəzarətin aparılması, qanunvericiliyin pozulmasına görə məsuliyyəti və yaşıllıqların mühafizəsinin əsas prinsiplərini müəyyən edir.
Dövlət mülkiyyətində olan yaşıllıqların idarə olunmasını müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yaşıllıqların mühafizəsini onların mülkiyyətçiləri, idarəçiliyində və istifadəsində yaşıllıq olan şəxslər həyata keçirirlər. Texniki iqtisadi əsaslandırma, ətraf mühitə təsirin qiymətləndirilməsi, habelə şəhərsalma və tikinti fəaliyyətinə dair layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə həmin ərazidəki yaşıllıqların vəziyyətini əks etdirən məlumatlar tam və dürüst əks olunmalıdır. Yeni layihələndirilən obyektlərdə yaşıllıqların salınması mütləq qaydada həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun nəzərdə tutulur və bu tələbin pozulması müvafiq məsuliyyət yaradır.
Yaşıllıqların uçotu növlər üzrə ayrıca aparılır və yaşıllaşdırma obyektlərinin pasportunda əks olunur. Yaşıllığın götürülüb-götürülməməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı 10 təqvim günü ərzində qəbul edilir. Yaşıllıqların mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar və sənədlər, habelə digər ölkələrlə bağlanmış iki və çoxtərəfli müqavilələr, sazişlər, razılaşmalar əsasında həyata keçirilir.
Qeyd edək ki, müzakirələrin sonunda qanun layihəsi II oxunuşda qəbul edilib.
Trend.az